İKBALNAME’DEN İSKƏNDƏRİN ANASINA MƏKTUB YAZMASI

İKBALNAME’DEN
 
 
İSKƏNDƏRİN ANASINA
 MƏKTUB YAZMASI
Müğənni, rudunu bir dindir barı,
Yada sal nəğmənlə o yatmışları!
Mənim dərdimə qal, sazımı sazla,
Bəlkə rahat yatım o xoş avazla!..
Gülə hücum etsə payız ruzgarı
Körpəykən quruyar tər budaqları.
Ölüm bir bəladır, çarə edilməz,
Onun çarəsini tapmayıb heç kəs.
Əcəl qızdırması yetişən zaman
Qalar həkimdən də əlacı pünhan.
Gecə köçüb getdi, ağladı şəbnəm,
Günəş şəfəq saçıb güləndə aləm
Artdı İskəndərin ahü naləsi,
Ucaldı çalınan zənglərin səsi.
Hər dərdə yüz çarə bilən Ərəstu
Bu dərdin önündə çarəsiz durdu.
Şahın sağaltmağa tapmayıb əlac,
Özünü görərək əlaca möhtac,
Şaha söylədi ki: "Ey şəfəqli şam,
Şahlar nur alıbdır şöləndən müdam!
Qalıbdır dərdinə həkimlər naçar,
Üzünü allaha çevirib yalvar.
Hələ haqlamamış coşğun sel bizi,
Niyə dəyişmədik öz yerimizi?
Bu şərab qədəhdən aşıb daşmadan,
Nə üçün ölmədim, çıxmadı bu can?
Dilərəm: bir tükün əsməsin sənin,
Bir tükün əskilsə ölərəm, yəqin!
Ancaq bir şərbətdir bu ölüm, gərək
Qoca da, cavan da, - hamımız içək!
Nə deyə bilərəm: iç bu badəni!
Çünki bihuş edər içəndə səni;
Nə də almaq olar qədəhi səndən,
 
Çünki şah bəzmində ədəbliyəm mən!
Əfsuslar olsun ki, bu nurlu çıraq,-
Qurtarıbdır yağı, - xamuş olacaq.
Ancaq yağsızlığın qalma dərdinə,
Bəlkə yağ yetişdi, oyandı yenə..."
İskəndər dedi ki: "Bu sözdən əl çək,
Əcəli yetəndə insan öləcək!
Əmrimdə deyildir dövr edən göylər,
Əlimdə deyildir Günəş, Ay, Ülkər...
Bir ovuc torpaqla bir qətrə suyam,
Bunlardan yoğrulub əzəldən mayam.
Haqqın sayəsində böyüdüm, artdım,
Nəhayət, elə bir rütbəyə çatdım
Ki, Şərqdən Qərbədək gəzdim hər yanı,
Keçirdim əlimə bütün dünyanı.
O zaman cahana bir şah idim mən,
Canımda can vardı, sağlamdı bədən.
Indi ki, zəiflik üz verdi cana,
Gərək səfər edəm başqa cahana.
Məğrurluq meylinə uyma ki, heyhat,
Dolmaz bu quyuya o abi-həyat!
Susuza eyləməz cəhənnəm əlac,
Sən o dörd çeşməli behiştdən söz aç241.
Yalvarıb allaha, eylə ibadət,
Bəlkə o eyləyə mənə mərhəmət..."
Günəş köçüb getdi, qaraldı dünya,
O şahlar şahı da getdi yuxuya.
Qorxunc əjdahatək gecə qapqara,
Qatı bir qaranlıq çökdü yollara.
Daş qəlbli bir gecə, dəhşətli zülmət,
Zülmətdə kim görmüş şəfqət, mərhəmət?
Işləri düyünə salan ulduzlar
Sanki dodağına vurmuşdu mismar.
Bu oğru fələk də, oğrular tutan
Ay da qır küpünə düşmüşdü çoxdan.
Qapqara tüstüyə bürünmüş dünya,
Tüklə cəhənnəmdən asılmış guya.
               _______________  Milli Kitabxana  ________________
195
Sanki ərimişdi şah səhərədək
Iyirmi yeddinci gecəki aytək242.
Anası yadına düşdü, İskəndər
Sarsıldı, ürəkdən oldu mükəddər.
Buyurdu, hüzura ağıllı, zirək
Rumlu katiblərdən biri gələrək,
Qələmi qapqara hislə doldurub,
Əziz anasına yazsın bir məktub.
Ana dili kimi şirin dil ilə
Ona and verərək başlasın belə:
"Anacan, sən məni eyləyəndə yad
Sıxma ürəyini, qoparma fəryad!"
Hər kim oxusaydı bu yazılanı
Qapqara görərdi bütün dünyanı.
Katib qələmini çərtdi qurtardı,
Ucuyla fələyin bağrını yardı.
Vərəqə əbiri yaydıqca qəşəng,
Kağız dönüb oldu müşkin bir ipək243.
Yazanda o zərif mənalı sözü
Katibin heyrətdən qaraldı gözü
Insanın gözünə işıq bəxş edən
Tanrının adına o yazdı əhsən:
"Bir olan allaha hamı möhtacdır,
Hamının dərdinə tək o əlacdır!"
Böyük yaradanı gətirib dilə
Katib məktubunu başladı belə:
"Məndən - İskəndərdən bu namə getsin,
Dörd yox, bircə olan anama yetsin244.
Anacan, qətrəyə döndüsə çeşmə,
Su qabı suda da sınar, qəm çəkmə!
Ağacdan düşdüsə bir qızıl alma,
Narınctək rövnəqdən düşüb saralma!
Soldu, sarı-gülün getdi növrağı,
Qalsın qızıl gülün yaşıl budağı.
Anacan, bu sözə inanmıram mən:
Məhəbbət könüldə çox olur dildən.
Eşidib od tutar sinəndə ürək
               _______________  Milli Kitabxana  ________________
196
Ki, şahlar gülünü aparıb külək.
Yanma, bəslədiyin balan qayıtmaz,
Əlini o yanan ürəyinə bas!
Zaman etsin səni bu oddan kənar,
Sənə səbir versin o pərvərdigar!
Səni and verirəm əmdiyim südə,
O şirin laylaya, o ilk öyüdə,
Dünyadan gənc getmiş bir övladına,
Ağlayan ananın o fəryadına,
Dinə əməl edən pak insanlara,
Dünyanı yaradan pərvərdigara,
Qanun-qayda qoyan hər peyğəmbərə,
Cənnətdə əbədi ömr edənlərə,
Torpağın altında həbs olanlara,
Behişt gülzarından zövq alanlara.
Bütün canlılara can verən cana,
Qəmdən nicat verən, can qurtarana,
Səxa dənizinin coşğunluğuna,
Vücudu yaradan haqq buyruğuna,
Adların fövqündə dayanan ada,
O nəqşə ki, ziynət verir vücuda,
Yeddi qat ucalan göy pərgarına.
Yeddi ulduzun da pak adlarına,
Allahı sevənin mərifətinə,
Şüur sahibinin fərasətinə,
Elmdən nurlanıb yanan hər şama,
Mərhəmət sahibi fazil adama,
Elə bir başa ki, bəxtə nur saçıb,
Elə ayağa ki, düz yollar açıb,
Pakizə fikirli, o saf ərənə,
Müşküllər açana, nicat verənə.
Darda qalanların pak niyyətinə.
Azad insanların xoş adətinə,
Yoxsulları sevən comərd sultana.
Sultantək gözü tox, yoxsul insana,
Sübhün gül-çiçəklə gülüşməsinə,
Gözlənməz təamın xoş düşməsinə,
               _______________  Milli Kitabxana  ________________
197
Bidarın munisi səhər çağına,
Ağlar qəriblərin pak torpağına,
Yazıq məhbusların dərdi-dilinə,
Müqəddəs mehrabın nur qəndilinə,
Təşnə bir tifilin süd həsrətinə,
Naümid qocanın zəlalətinə,
Xəstə qəriblərin intizarına,
Döyülmüş yetimin göz yaşlarına,
Dərd-qəmdən guşəyə çəkilənlərə,
Şaxtadan dırnağı tökülənlərə,
Dərdlinin çarəsiz oyaqlığına,
Çarəsiz qalanın yazıqlığına,
Əzabdan sonrakı asudəliyə,
Pak, təmiz sevgiyə - aludəliyə,
Əqlin zəfərinə, ülviyyətinə,
Gizli ibadətin qüdsiyyətinə,
Şüura yol açan sözə, dastana,
Bəşər karvanını çəkən sarvana,
Insanı içindən yeyən dərdlərə,
Qəddini pünhanı əyən dərdlərə,
Dözümsüz adamda səbrə, qüdrətə,
Gözəlin üzündə həya, ismətə,
Ümidsiz çəkilən son fəqanlara,
Dadına heç kimsə çatmayanlara,
Dinpərvər adamda olan inama,
Peyğəmbərə gələn vəhyə, ilhama,
Bütün insanların o son yoluna,
Hamıya əl tutub kömək olana,
Insanı son yola salan qapıya,
Bizi ağuşuna alan qapıya,
Üzünü axtaran baxışlarıma,
Səsini eşitmək intizarıma,
Mənə bəslədiyin sonsuz həsrətə.
Düşdüyüm bu dərdə, bu fəlakətə,
Həmişə, hər yerdə dada çatana,
Can verib can alan o yaradana...
Anacan, bu məktub gəlib çatarkən
               _______________  Milli Kitabxana  ________________
198
Çatıb qaşlarını kədərlənmə sən!
Bu dünya fanidir, əbəs ağlama,
Mənimçün yas tutma, qara bağlama!
Dünyanın əzəldən axırı budur,
Əyilmə ələmdən, mətanətlə dur!
Dünya bir kimsəyə qalmışsa əgər,
Səni də qoy üzsün bu dərd, bu kədər.
Ancaq bu dünyanı fani görəndə
Başqaları kimi toxtaq ol sən də!
Yox, əgər bunlara baxmayaraq sən
Mənimçün yasxana qurmaq istəsən,
Əvvəlcə şahanə bir məclis düzəlt,
Gözəl yeməklərdən bir süfrə bəzət,
Çağır qonaqlığa xalqı hər nə var,
Bütün gələnləri elə xəbərdar:
Təbrdə adamı yoxsa hər kəsin,
Buyursun süfrəyə, doyunca yesin!..
Əgər yemiş olsa onlardan biri,
Sən də ye dünyada acı qəmləri.
Heç kim o süfrəyə əl uzatmasa,
Sən də unut qəmi, heç batma yasa!
- Oğlum ölüb, - deyə çəkmə heç məlal.
Gəl, öz işlərinin qeydinəcə qal.
Ikiqat uzun da olsaydı ömrüm,
Axır yenə bir gün vardı bu ölüm.
Ən uzun ömür də kifayət deyil,
Nə fərqi, yaşadın otuz, ya yüz il?
Behiştə getməkdən qorxarmı insan,
Minlərlə açar var, yol da çırağban.
Əbədi bir təxtə yiyələnərkən
Nə üçün razılıq eləməyim mən?
Yerində toz yoxdur, göyündə duman,
Niyə at sürməsin oraya insan?
Əlimdə qalmadı bu saxta saray,
Siz də səbr eləyin, salmayın haray!
Şəbdizim sıçradı çaydan o taya,
Məndən salam olsun dosta, aşnaya245.
               _______________  Milli Kitabxana  ________________
199
Bizi azad etdi zindandan fələk,
Hamı azad olsun görüm bizimtək!.."
Məktubu yazdırıb o, yola saldı,
Özü də cənnətə sarı yol aldı.
Gecəni sübh etdi dərdlə, əzabla,
Keçdi bütün günü min iztirabla.
Gecə öz təxtini yüklədi filə,
Yer saldı donunu göylərtək nilə
246.
Gün tutdu üzünü qüruba sarı,
Qaraldı üfüqdə qızıl saçları.
Aciz ulduzların əli büküldü,
Gümüş dırnaqları bir bir töküldü.
Şahın ağır-ağır yumuldu gözü,
Cırmaq-cırmaq oldu qəmərin üzü.
Bir örpək toxuyub gecə saçından.
Torpağın başına örtdü asiman.
Zənəbin ağzından alaraq zəhər,
Ayın boğazına onu tökdülər
247.
Başının üstündə görcək əcəli,
Şahın öz canından üzüldü əli.
Əsəbdən sıxıldı damarda qanı,
Bir anda sustaldı bədəni, canı.
Ölüm gözündəki qaranı aldı,
Səhərtək ağ üzü soldu, saraldı.
Candan bizar olub, canından keçdi.
Canını tapşırmaq vaxtı yetişdi.
Quş elə tez uçdu öz yuvasına
Sürətdə baxış da çatmadı ona.
Dünyada nə qədər bilicilər var,
Bu gizli işlərdən deyil xəbərdar.
Bunun çarəsini bir bilən varsa,
Özünə bir çarə edər bacarsa.
Köçüb bu dünyadan getdi İskəndər,
Ona ən yüksəkdə təxt düzəltdilər.
Dünyada min cürə yaxşılıq etdi,
Özüsə dünyadan incimiş getdi.
Həyat səhnəsində o düşdü dərdə.
               _______________  Milli Kitabxana  ________________
200
Nəhayət, üzünə çəkildi pərdə.
Dolanıb görmüşdü o bir çox yeri,
Başqa bir yerəydi indi səfəri.
Hayana getsəydi böyük İskəndər,
Oradan verərdi hamıya xəbər.
Soraq gətirən yox bu son yolundan,
Nə üçün bir xəbər gəlmədi ondan?
Yoxsa, elə yerdir o yer ki, hər kəs
Getsə, qayıtmağa yol tapa bilməz?
Bunun da hikməti açılsaydı bir,
Pərdənin dalında qalmazdı heç sirr..
İskəndər bənzərdi yaşıl yarpağa,
Kəyan ağacından düşdü torpağa.
Açıldı belindən qızıl kəməri,
Zərrin bir beşikdə düzəldi yeri.
Tabutun içinə kafur səpdilər,
Çölünə düzüldü cəvahir, gövhər.
O qədər yayıldı ətrin səfası,
Çatdı Cudi dağa səxa dalğası
248.
Qərq edib kəfəni müşk ilə uda,
Qoydular nəşini qızıl tabuta.
Bir bədən gümüştək ağarıb solsa.
Nə fayda tabutu qızıldan olsa?
Şahın öz rəyincə verildi qərar,
Qoyuldu bir əli tabutdan kənar.
Ovcuna torpaq da töküb bir qədər,
Sonra hər tərəfə car çəkdirdilər:
"Görün yeddi ölkə hakimi olan
İskəndər dünyadan köçdüyü zaman
O saysız-hesabsız xəzinələrdən
Bir ovuc torpaqdır əlində gedən!
Sizin də dünyadan gedərkən ancaq
Payınız bir ovuc torpaq olacaq!..."
Şəhri Zurdan Misrə yola saldılar,
Hiylədən uzaqdır çünki o diyar.
İskəndəriyyəni etdilər vətən,
Onu taxta üstə atdılar təxtdən.
               _______________  Milli Kitabxana  ________________
201
Kimə dağ çəkməmiş vəfasız cahan?
Kimdir bu kitabı bütün oxuyan?
Bu dəfə dəyişdi sarayda bəxti,
Torpağın altında quruldu təxti.
Dünyada olmamış əzəldən bəri
Əsla mehribanlıq, dostluq əsəri!
Aldı öz qoynuna o şahı məzar,
Daxmanı bağlayıb döndü adamlar.
Bu dünya çoxuna məqam bəxş edər,
Saxlamaz o yerdə axıra qədər.
Ömrü sona çatdı saysız insanın,
Hesabı bitmədi yenə dünyanın.
Nə bir qurtaran var ipdən boynunu.
Nə də bir tapan var ipin ucunu.
Əbəsdir, bu sirrə sərf etmə ömür,
Susmaqdan başqa bir əlac görünmür.
Dünyaya dərindən yetirsən nəzər,
Görərsən insanlar çəkibdir nələr!..
Dünyanın ki sonu əbəsmiş, əbəs,
Bu qədər sitəmə, əzaba dəyməz!
Bu lacivərd tağda nə gördük axır?
Onun sütunundan qan seli axır.
Bu sütunun odu Günəşdir, Aydır,
Gəl, o qəndilləri daş atıb sındır.
Ondakı qızılı rəngə aldanma,
Oddan qızarmışdır, sən qızıl sanma!
Bizimlə uyuşmaz əsla göy saray,
Bizim qəsdimizdə durmuş Günəş, Ay.
Bizimlə dost olmaz saxta cadugər,
Üzdə gülər bizə, dalda öldürər.
Guya məlhəm qoyar sağalsın yaran,
Ancaq yara vurar sənə arxadan.
Balıqtək dünyadan sən uzaq olsan,
Qurtarar zirehin səni qılıncdan!
Tufan başlayarsa almağa qisas
Balıqtək üzənlər əsla qərq olmaz.
İpək karxanası bil bu dünyanı,
 
Tərcümə edəni: Mikayıl Rzaquluzadə,    NİZAMİ GƏNCƏVİİSKƏNDƏRNAMƏ, İqbalnamə , "LİDER NƏŞRİYYAT" BAKI - 2004
 
Bu əsər "Nizami Gəncəvi. İskəndərnamə " (Bakı, Yazıçı, 1982) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
 
https://www.azadliq.org/a/9500508.html





EsaAdmin / Erkek / 8/24/2016