ACI XƏBƏR
Bəxtiyar saxlayır atın başını,
Zilləyir gözünü Humaya doğru.
Hirsindən bozarır, çatır qaşını: -
Sözümə baxmadı o zalım oğlu,
Ona dəfələrlə söylədim ki, sən,
Qurdu quzu bilib etibar etsən,
Bir gün ara yerdə itəcək qanın
Gözləri tutulur bəzən insanın...
İnandı babana, inandı sana,
Necəsin babandan xəbər alsana!..
İtil gözlərimdən qoçunun qızı
Tovlayıb azdırdın sən o baxtsızı.
Başımı bir vulkan dumanlandırır,
Cəlalın ölümü məni yandınr...
Ölüm!
Bir ildırım sürətilə bax,
Humayın başında şaraq-başaraq
Bir gurultu qopur... Dizləri əsir,
Canını bir qara üşütmə kəsir.
Dolanır başına ağaclar, otlar,
Yürüyür üstünə qara buludlar.
- Bəxtiyar! Babamın qanı halaldır...
Mənim ağladığım yalnız Cəlaldır, -
Deyərək titrəyir, ürəyi gedir,
Ömrü bir an üçün yazıq tərk edir.
Bəxtiyar heyrətdə,..
Sıçrayır atdan.
Sevgidən, nəşədən, sadə həyatdan
Ayrılan talesiz bu dağlar qızı,
Sakit səhərlərin bu dan ulduzu
Onun gözlərində böyüyür birdən...
Utanır Bəxtiyar dediklərindən.
Darayıb ahımdan saçını bir-bir,
Qızın sinəsinə soyuq su səpir.
Gözündən süzülür damla-damla yaş,
Sanasan acıyır bacıya qardaş.
Bunu təsadüfən görən Mirpaşa
Əllndə papağı qaçır birbaşa,
Qaçır birnəfəsə kəndə çatmağa,
Qaçır Bəxtiyara böhtan atmağa.
Humay bir ah çəkir, gəlir özünə,
Bir məzar görünür dünya gözünə,
- Humay, özünə gəl! Bağışla məni,
Artıq-əskik deyib incitdim səni.
Bilmədim Cəlala vurulduğunu
Sevdalı bir könül əfv edər bunu.
- Bilirəm, Bəxtiyar, səni incidən
Onun, o yazığın fəlakətidir.
Cəlladlıq babamın bir adətidir.
Bəlkə təqsırkaram doğrudan da mən...
- Utanma, gəl bacım, gəl, gedək sizə,
Gəl ötürüm səni öz evinizə
"Gecə uzün, ay batmaz,
Dərdlilər dərddən yatmaz".
______________Milli Kitabxana_______________
77
O vaxtdan bəridir Humayım mənim
Təpədən dırnağa geyinmiş qara.
Heyranam qızdakı bu duyğulara!..
Gecələr anası yuxuya getcək
Yazıq qorxa-qorxa çıxır dışarı.
Yurdsuz və yuvasız yolçu kimi tək
Dolaşır avara qaranlıqları.
Yoxsa gecələrə sorğusumu var
Bu sakit, bu geniş çöllər qızının?
Neçin sualına dinməyir dağlar
Ellər gözəlinin, ellər qızının?
Şairim, qəlbini burax kənara,
Böyük bir dünyadır, sən ondan danış.
Yaxşı bax o sönən zəif fanara.
Əsnəyir üstündə boranlı bir qış.
Gecədir... Doqqazın yanında
Humay Dayamış alnını soyuq şalbana.
Soxulmuş buluda, görünməyir ay,
Küləklər atını çapır dörd yana,
Bu şaxta, bu külək, bu soyuq ona,
İnanın, zərrəcə əsər etməyir.
İndi peşimandır doğulduğuna,
Qızın gözlərinə yuxu getməyir.
Nədir istədiyi dilsiz gecədən?
Baxın gözlərindən süzülən yaşa!
Burda saatlarca dayanır nədən?
Gecənin ürəyi döndümü daşa?
Xayır! Təmərınası yoxdur həyatdan,
Xilqətin küləyi, boranı, qarı
Yağsa da duyğusuz bir kainatdan.
Əyilməz Humayın şahin vüqarı...
Yazıq! Sındırmışdır qol-qanadını
Vaxtsız bir ölümün acı xəbəri.
O çaşır, unudur bəzən adını
Ayrılıq hokmünü verəndən bəri.
Burda ilk görüşün xəyalilə qız,
Kim bilir, könlündən keçirir nələr?
Bu tənha gecənin qoynunda, yalnız
Sürüdən ayrılmış bir ahu mələr...
"Sənin sözlərinə boyun əyməmək
Əlimdən gələrsə, ey nazlı mələk,
Qoy günə kor baxım, baxtım qaralsın,
Bütün səadətim heçliyə varsın!
Qaralar geyinsin eşqımin sonu,
Arayıb, axtarıb, taparam onu;
Ya məni öldürər, ya da yaşadar,
Ölümdən qorxmağın nə mənası var?" –
Sözlərilə Cəlal sanki yenidən
Canlanır Humayın qarşısında tək,
Qolunu boynuna aşırıb həmən
Baxır gözlərinə gülümsəyərək...
Ah, ölən məhəbbət, ah, ölən istək!
Nədir həyatdakı bu çarpaşıqlar?
Yaşasın gələcək böyük gələcək!
Onda nə göz yaşı, nə ayrılıq var!
Humay xəyaldadır... Çəkilir Cəlal,
Gedir yavaş-yavaş qaranlıqlara...
Aparır ardınca Humayı xəyal,
Çıçəyi sayrışan bir çəmənzara...
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ, BEŞ CİLDDƏ III. CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
Milli Kitabxana