AND OLSUN
And olsun dağların ağ suyu kimi
O qırıq dalğalı gülüşlərinə;
Vüsal vədə verən, ümid allahı –
Müxtəlif mənalı gülüşlərinə;
And olsun nazlanıb nazla əzilən,
Telli ulduz kimi bəzən süzülən,
Gahi rəhmət, gahi zülmət sezilən –
O qanlı-qadalı gülüşlərinə;
And olsun axşamlar nəşədən daşan,
Ürkək ceyran kimi dağlardan aşan,
Kəklik olub səkən, qan kimi coşan –
Dərbədər sevdalı gülüşlərinə;
And olsun səsinin ipəklərinə,
Bu xəstə könlümün diləklərinə.
Parlayıb can verən bəbəklərinə –
Işvəli, ədalı gülüşlərinə;
And olsun könlümün dərdli çağında,
Cilvələr yaradıb gül yanağında,
“Al” deyən, “Öl!” – deyən al dodağında –
Şəfəqli, şəfalı gülüşlərinə;
Mən sənə ömürlük bir qulam, gülüm,
Sən əmr eyləyincə, nə imiş ölüm!
Istərsən ağlayım, istərsən gülüm,
Şərh eləyim halı gülüşlərinə!
1934, 25 noyabr