Bəxtiyar Aslanın yaradıcılığı: simvolizm və impressionizm qovşağında

19.11.2019
Bəxtiyar Aslanın yaradıcılığı: simvolizm və impressionizm qovşağında
 
Salidə Şərifova
filologiya elmləri doktoru
AMEA-nın professoru
 
Bəxtiyar Aslanın yaradıcılığı modernizmin iki cərəyanının əlamətlərini özündə cəmləşdirir - simvolizm və impressionizm. Yazıçının əsərlərinin ideoloji və fəlsəfi məzmununda simvolizmdən istifadə məqamları maraq doğurur. Məhz simvolizm Bəxtiyar Aslanın əsərlərinin semantik yükünün əsas aləti kimi çıxış edir. Mistisizm və mifyaradıcılığı Bəxtiyar Aslanın yaradıcılığından yan keçməmiş, müəllifin əsərlərinin qəhrəmanlarının dünyasının intuitiv dərkinin açıqlanmasına şərait yaratmışdır. Bəxtiyar Aslanın yaradıcılıq prosesində dünyanın dəyişdirilməsi fikri (demiurq) əsas leytmotiv kimi özünü göstərmişdir. Bəxtiyar Aslanın əsərlərinin bədii fikir və bədii üslubunda simvolizmlə yanaşı impressionizm də özünü qabarıq şəkildə büruzə verir. Yazıçının əsərlərində bədii ifadələrin dominant bir xüsusiyyəti kimi ilk təəssüratların ötürülməsi zamanı impressionizmə müraciət etmə özünü göstərir. Bəxtiyar Aslanın əsərlərində duyğuların, hisslərin, emosiyaların təsviri, qəhrəmanların daxili həyəcan və sarsıntılarının əks olunması məhz bununla bağlıdır. Müəllifin əsərlərində kompozisiyanın parçalanması və obrazlı əlaqələrin assosiativliyi də özünəməxsusluğu ilə fərqlənir.
Bəxtiyar Aslan əsərlərinin ideoloji və fəlsəfi məzmununu açıqlamaq baxımından həyat faktına qarşı simvollardan, yəni ümumiləşdirmələrdən istifadə etmişdir. Qələmə almış olduğu əsərlərdə müəllif məhz həyat həqiqətlərini simvol dərəcəsində ümumiləşdirilməsinə üstünlük vermiş, simvollar vasitəsilə fikirlərinin sərhədsizliyini ifadə etmişdir. İctimai həyatda dəyişikliklərin baş verməsi, xüsusilə ideoloji dəyərlərin dəyişməsi, yeni demokratik idealların meydana çıxması, cəmiyyətdə gedən ictimai-siyasi proseslərin artması kimi xarakterik xüsusiyyətlər müəllifin obrazlarının təbiətində simvollar vasitəsilə özünü göstərmişdir. Bəxtiyar Aslanın əsərlərində fərdin individual yaşayışı, düşüncəsi simvollarla təsvir edilir. Müəllifin yaradıcılığında simvolizm hadisələrin predmet və ya əşya vasitəsilə əks etdirilməsi ilə diqqəti cəlb edir. Müəllif “Aynadakı yolçuluq” hekayəsində ayna obrazı vasitəsilə fərdin düşüncəsini, öz hiss və duyğularını ifadə etməyə nail olmuşdur. Hekayədə ayna bir obraz kimi çıxış edir. Bir obraz şəklində çıxış edən ayna özü paklıq rəmzidir. Məhz yazıçı bu hekayəsində də, arzu etdiklərini, yəni xəyallarını ayna daxilində təsvir edir. Bu təsvir qısa çəksə də, müəllif qəhrəmanın keçirdiyi hisslərlə yanaşı, vaz keçmək istəmədiyi məqamlara da aydınlıq gətirməyə nail ola bilir: “O gümüşü aynaya çiyinlərinin üstündən məndə baxdım və bunu sən də gördün. Sən öz üzünü də, mənim üzümü də, özünə baxdığını da, mənim sənə baxdığımı da gördün. Mən sənin üzünü, üzünə baxdığını, aynada məni gördüyünü həm aynada, həm də aynadan qıraqda gördüm. Gördüm və bildim. Gördüm və bildim deyirəm. Çünki aynada görünən heç bir şeyin gerçəkdə dəyərinin olmadığını bilirəm. Sən bu üzdən mənim sənə çiyinlərinin üstündən həm aynanın içindən, həm də kənarından baxdığımı gördün sadəcə. Bunu bilmək sənin üçün imkansız idi. Sən gözəl idin və bunun fərqindəydin. Gözəldin və yalnız özünü deyil, hər şeyi aynanın içində görürdün. Həyatı da öz gerçəkliyinin içində deyil, aynanın içindəki gerçəklikdə yaşayırdın.”
Simvolizmin Bəxtiyar Aslanın əsərlərinin semantik yükünün əsas aləti kimi çıxış etməsi diqqətdən yayınmır. Belə ki, müəllif məhz bu semantik yükü ilk növbədə qələmə aldığı əsərlərin adına çıxarmaqla da nail ola bilir. Məsələn, “Aynadakı yolçuluq”, “Ölüm və mavi quş” və s. Bəxtiyar Aslanın “Aynadakı yolçuluq” hekayəsinin adına çıxardığı aynanı bir obraz kimi təqdim etməsi ilə dünyanın dərk edilməsinin simvolu kimi verməyə cəhd etmişdir. Mifik dünyagörüşdə aynaya müraciət özünü bütün zamanlarda göstərmişdir. Aynadan xalqımızın təfəkküründə həm xeyir işlərində, həm də yas mərasimlərində istifadə olunması faktları mifoloji düşüncə ilə bağlıdır. Aynadan toy mərasimlərində istifadə həyatın başlanğıcı, ölüm zamanı güzgüdən istifadə həyatın sonu anlamında işlənilməsi ritualı məlumdur. Bu baxımdan, Bəxtiyar Aslanın aynanı bir obraz kimi istifadə məqamı bizə sevginin başlanğıc və bitişini açıqlayır: “Aynanın içində əvvəlcə bədənimin dağılaraq, əriyərək, çözülərək – ayna gerçəkliyində bu dəyişmənin başqa kəlmələrlə ifadə edildiyini, bəlkə, sən də bilirsən – işığa döndüyünü gördüm. Geri dönüb baxdıqda sənin qalxaraq boynuma sarıldığını gördüm. Həmin anda ağlımdan həmin aynanın eşiyinə çıxmaq keçdi.”
Müəllifin ayna konsepsiyasından istifadəsi məhz simmetriya yaratması ilə diqqəti cəlb edir: başlanğıc və son. Məhz hekayədə bu iki ziddiyyətli qarşılıqlıq özünü göstərməkdədir: “Yolun lap əvvəlində, ilk addımdaca mən aynanın içinə doğru, sən isə bayırda mənim əlimdən tutaraq geriyə doğru qaçmağa başlayanda içimdə bir cəhənnəm alovlandığını, eyni anda da içimin başqa bir yerində cənnətin ilk irmağının da sərin-sərin axmağa başladığını hiss etdim.”
Bəxtiyar Aslanın əsərlərində simvolizmə müraciət zamanı quş obrazının simvol kimi təqdim edilməsi də maraq kəsb edir. Müəllifin “Ölüm və mavi quş” əsərinin adına çıxardığı quşun simvolik mənası olması faktı danılmazdır. Məsələn, Yunga görə, quşlar həmişə xeyirxahdırlar, çünki onlar hava elementi ilə əlaqələri olması səbəbindən yaradanın elçiləri hesab edilirlər. Qeyd edək ki, bütün xalqların şifahi xalq ədəbiyyatında quşların ruhun simvolu kimi istifadə edilməsi danılmazdır. İnsan ruhunu təcəssüm etdirən quşların sehrli köməkçi, mesaj yəni xəbər gətirən funksiyasını yerinə yetirən yaradıcı gücə malik olan obraz olması, həmçinin ruhlar və ya mələklər obrazında çıxış etməsi özünü göstərir. Folklorda quşların qəhrəmanların yaxın, ağıllı dost və sirdaşı olması ilə yanaşı, insan kimi danışa bilmələri faktı da mövcuddur. Hətta quşların aşiqin metaforası kimi də təqdim edilməsinin şahidi oluruq. Bəxtiyar Aslanın “Ölüm və mavi quş” hekayəsinin adına çıxartdığı quşun mavi rəngdə təqdim edilməsi diqqəti cəlb edir. Bəxtiyar Aslanın əsərlərində ideyanın kamil təcəssümü kimi mavi rəngə müraciət türk eposlarında da öz əksini tapmışdır. Mavi rənglə bağlı məna daşıyıcıları olan motivlər “Oğuz Kağan” dastanında rast gəlinir: dastanın baş obrazının üzünün mavi olması, birinci arvadının mavi işıqdan çıxması, türklərin müqəddəs kultu olan qurdun bu rənglə adı çəkilməsi və s. Qeyd edək ki, “Ölüm və mavi quş” hekayəsində mavi quş obrazına rast gəlinməməsi “mavi quş”un “hava hərəkətinin nəticəsi” (Başlyar) kimi özünü büruzə verərək ideyalarla əlaqələndirilməsi kimi qəbul edilməlidir. Hekayənin sonunda verilmiş müəllifin “bir məzar daşından yaddaşımda qalan bir-iki misranı oxuyuram. Razı qalmır. “Mavi bir quşun qanad açması üzünün sahilindən...”, deyirəm. Bu, xoşuna gəlir.
Bunu onun üçünmü, anam üçünmü söylədiyimi mən belə bilmirəm. “Demək, mən ölsəm, üzümün sahilindən mavi bir quş qanad açacaq”, deyir, gülümsəyir” fikirləri zənnimizdə yanılmadığımızı, hadisələrin ideyalarla əlaqələndirməsini təsdiqləyir.
Müasir dövrümüzdə mistisizmə müraciət edən müəlliflər əsasən mənəvi həqiqətə, daha doğrusu yeni bir idrak səviyyəsinə çatmağa əsas diqqət göstərirlər. Elmdə mistik düşüncə panteizm və pananteizm deyə iki qismə ayrılmışlar. Panteizm kainatı Tanrı olaraq görməkdədir. Pananteizm isə kainatı Tanrıda, daha qısası kainatı Tanrının bir parçası olaraq  görür, təbiəti məhz Tanrının bir əsəri olaraq qavrayır. Bəxtiyar Aslan da yaradıcılığında təbiəti fərdi, kainatı Tanrının bir parçası kimi verməyə nail ola bilmişdir.
Bəxtiyar Aslan əsərlərində dolaşıq və kompleks izahat üsullarından istifadə etmiş, yəni işarələrə, mifologiyaya, əfsanələrə, mistisizmə və fantaziyalara inam göstərmişdir. Məsələn “Qüllə” hekayəsində Yusifin xatırlanması məhz xalq yaddaşlarında, həmçinin yazılı ədəbiyyatda yer tutmuş quyuya atılmış Yusif obrazını gözümüzdə canlandırır: “Sən bir qüllədəsən, amma mən sənə quyudakı Yusifi anladacağam” - dedi. Anladarkən Yusifin mən özüm olduğumu fərq etdim. Fərq etdim və qəbul etdim.”
Bəxtiyar Aslan insan obrazlarını həyat faktından daha çox müəyyən ideyaların ədəbi illüstrasiyası kimi təqdim edir. Yazıçının obyektiv meyarlardan çıxış edərək bir müəllif kimi mövqeyini bildirməsi də maraq doğurur. Bir müəllif kimi həyat həqiqətlərini açmaqla oxucusunun diqqətini hekayələrinin mövzusunu daha dərindən qavramasına yardımçı olur. Onun qələmə almış olduğu ədəbi-bədii nümunələrin süjetində həyat həqiqətlərinin, təsvir edilən hadisələrin açılmasında kənar ünsürlərdən köməkçi vasitə kimi istifadə edilməsi də nəzərdən qaçmır.
Müəllifin qələmə aldığı əsərlərdəki qəhrəmanlarının dünyasının intuitiv dərki daha çox qəhrəmanların düşüncələri ilə təqdim edilmişdir. Belə ki, müəllif  qələmə almış olduğu obrazın düşüncələri ilə onların dünyasının intuitiv dərk edilməsinə nail ola bilir. Məsələn, “Mirzənin dərəsi” hekayəsində müəllif hekayə qəhrəmanının dünyasını oxucusuna aşılamağa nail ola bilir. Qəhrəmanının dünyasını açıqlamağa cəhd edən müəllif məhz qəhrəmanının keçirdiyi sarsıntıları düşüncələri ilə verir: “... Sən, bilə-bilə, mənə heç bir şey öyrətmədən məni tərk edəcəksən. Eşqin tək yaşanacağını, "bu yolda tək gedilir" deyərək öyrədən sənsən. Mənə bir tək bunu öyrətdin. Qışqırmadan necə yaşanacağını, ağlamadan necə eşq ağrısı çəkiləcəyini, rüsvay olmadan həqiqətin necə etiraf ediləcəyini, yaranın qanadılmadan, irinin axıdılmadan necə yaxşılaşdırılacağını, sonsuza qədər içimdə tüstüləyəcək o yasəmən və o bayğın çöl nərgizi qoxusunu duya-duya necə yaşayacağımı, o qumral gecələrin təkrarının qeyri-mümkünlüyünə özümü necə alışdıracağımı - hamısının çarəsini bildiyini bilirəm - öyrətmədən çıxıb getdin.”
Bəxtiyar Aslanın təsvir etdiyi qəhrəmanın dünyasının intuitiv dərkinə cəhd “Ölüm və mavi quş” hekayəsində də özünü göstərməkdədir: “... İçimdən ağ bir işığın göyə doğru yüksələrək məndən uzaqlaşdığını gördüm. Hüznlü bir xoşbəxtliklə arxasınca baxdım. Geriyə, üstümə doğru qərənfillər atırdı. İşığın yüksəldiyi yerdə anamı, qollarını açmış gülümsəyən anamı gördüm. Gözlərimi son bir səylə açanda başım dizlərində idi. Yanaqlarından süzülən yaşlar üzümə tökülürdü. Beləcə səni ilk və son dəfə gözyaşları vasitəsiylə öpürdüm. Son nəfəsimi verdiyimdə anamın məzarından mavi bir quş havalandı, gəlib üzünün sahilinə qondu.”
Yaradıcılıq prosesində dünyanı dəyişdirilməsi fikri (demiurq) Bəxtiyar Aslanın yaradıcılığının əsas leytmotivi kimi özünü göstərir. Müəllif mütərəqqi dəyişikliklər, yaşadığı cəmiyyəti deqradasiya və tənəzzüldən qorumaq üçün demiurq (yaradıcı) kimi də çıxış edir. Elə bu əsasdan çıxış edərək bir qisim problemlərə aydınlıq gətirməyə çalışır. Müəllif bəzi konfliktlərin ləğvi, onların tənzimlənməsini düşünməyə vadar edir. Bəxtiyar Aslan “Mirzənin dərəsi” hekayəsində “Mirzə kimdi?” sualına cavab axtarması məhz dünyanın dəyişdirilməsi fikri əsas leytmotiv kimi özünü göstərir: “Bir çavuş ola bilərmi? Mirzə çavuş?.. Əsgər çavuşu? İşçi çavuşu? Bəlkə də məzhəb çavuşu? Mirzə, çavuş olmalıdı, çavuş. Mirzə adına ən çox yaraşan çavuşdu. Təkrarla və istədiyin qədər bax. Mirzə çavuş, Mirzə çavuş, Mirzə çavuş...”. Müəllifin bu suallarına cavab dünyada əmin-amanlığın pozulmasının aqibətini göstərir. Müəllif günahsız insanları bir çox rakursda verməyə qadir olur. Müəllif insanları münaqişə qurbanı kimi, müharibə qurbanı kimi verir: “... bir silah atılır. Mirzənin dərəsində bir pis, qaranlıq hiss kimi meydana çıxan silah atılır. Kölgəsi böyüyərək gələn isti bir güllə öpür məni sol sinəmdən. Sağ çiyninə buluddan bir baş örtüyü sallanır. Onun ucuyla göz yaşlarını silir:
- Mirzə sənsən, - deyir pıçıltıyla.
Əyilib sinəmdəki yaradan öpür sanki.”
Bəxtiyar Aslan müharibə, münaqişə qurbanı olmuş insanların, şəhidlərin unudulmayacağı amilini qabartmaqla yanaşı insanları sülh qurucuları, münaqişə demiurqu olmaları amilini də yada salır. Müəllif “Bu gecə silahlar dillənəcək. Heç olmasa tək bir silah bir neçə dəfə açılacaq. Biri, - necəsə kim olduğunu bilirəm, lakin hissimin reallaşmasından qorxduğuma görə onu özümdən qovmağa çalışıram, - yolunu kəsmək istəyən, “dayan, getmə”, deyən kimi silahdan çıxan güllələrin önündə dayanacaq, qarşısına keçəcək. Tətiyi kimin basdığının nə önəmi var? Bəlkə də mən basaram. Bəlkə də bu dərənin içində boğulub qalmaqdan qorxduğum Mirzə” Bəxtiyar Aslan məhz bu fikri ilə yaradıcılıq prosesində dünyanı dəyişdirilməsinin əsas leytmotiv kimi özünü göstərdiyini bir daha təsdiq edə bilir.
Bəxtiyar Aslan ani təəssüratların ötəri, lakin daxili vəhdət və əlaqədə verə bilməsi ilə oxucunun diqqətini əsərinə yönəldə bilir. İmpressionist üslubun səciyyəvi cəhətlərinə xas xüsusiyyətləri əks etdirən müəllif məhz özünün “dolayı” həqiqəti ilə açıqlamaq istədiyi məqamlara aydınlıq gətirməyə nail ola bilir. Qeyd edək ki, müəllifin əsərlərində hadisələr gerçəkliyin dinamikadan uzaq, hər şeyi bilən təhkiyəçi, yəni üçüncü şəxs tərəfindən nəql edilməsi ilə diqqəti cəlb edir. Yazıçının “Qar və düyün” hekayəsində maraqlı bədii priyomlardan istifadə seçilmiş süjetin prizmasından moral mövqenin ümumi şəkildə təsvir edilməsi diqqəti cəlb edir. Məsələn, artıq dünyada olmayan insanın düşüncə və hisslərinin üçüncü şəxsin dilindən nəql edilməsi, ani təəssüratların ötəri də olsa, daxili vəhdət və əlaqədə verilməsi maraq kəsb edir: “Qar günlərlə, ara vermədən, heç ara verməyəcək kimi yağdı. Sanki göy üzündə minlərlə ağ quş vurulub düşürdü yerə. Dağlar sürətlə ağardı, düzənlik sürətlə bütün rənglərdən təmizləndi. Gecə və gündüzü eyni səs əsarəti altına aldı. Dağların arasından qorxuyla keçərkən qurd ulamalarını Ay işığına qarışıb işıq saçdığını gördüm. Hurini, yəni səni belə bir qarın içində görüb sevmişdim.”
Bəxtiyar Aslanın əsərlərində bədii ifadələrin dominant bir xüsusiyyəti kimi ilk təəssüratların ötürülməsi, təsadüfi detallar üzərində qurulması, subyektivliyin ön plana çəkilməsi, təsvir edilən hadisələrin necə qavranılması, nəyin necə dərk edilməsi özünü göstərir. Müəllifin “Köpük” hekayəsində bədii ifadələrin dominant bir xüsusiyyəti kimi ilk təəssüratların ötürülməsi təsvir edilən hadisənin qavranılması və dərki üçün izahatlar verilir. Əsərdə qəhrəmanın ikiləşməsi prosesi dominant bir xüsusiyyət kimi nəql edilir: “… İlahi, yoxsa bu mənəm? Heybəni çiyninə atıb aparmağını boş yerə gözləyirəm? Gəlmədimi, gəlməyəcəkmi? Boş yerə gözləyirəmmi, İlahi?” Qəhrəmanın ikiləşməsinin təqdimi zamanı ilk təəssüratın ötürülməsi oxucunu düşündürməyə vadar edir. Müəllif oxucunu çox intizarda saxlamayaraq, obrazın ikiləşməsi amilini açıqlamağa nail ola bilir: “Ehtiyatla heybədən çıxıram, sıyırılıb enirəm dirəyin kirli üstündən. Düşəndə onun yerə, torpağa uzandığını və başını həmin kirli üzü oyuqlarla dolu daşa söykədiyini görürəm. Yanına gəlib çatanda durub dirəkdən yapışır, bir anlıq eləcə dayanır. Həmin andaca, o bir anlıq boşluqda qaranlığı dəlib keçən gözlərini görürəm. Sürüşüb yerə düşürəm, ayaqlarının dibinə yıxılıb qalıram. Olduğum yerdə az əvvəl gördüyüm gözlərin mənə aid olduğunu anlayıram.”
Bəxtiyar Aslanın “Qar və düyün” hekayəsində bənzətmələr dominant bir xüsusiyyəti kimi ilk təəssüratların ötürülməsi baxımından oxucunu düşünməyə, təsvir edilən hadisələrin qavranılmasına vadar edir. Fəlsəfi düşüncələrlə hadisələrə məntiqi yanaşan müəllif çatdırmaq istədiyi təəssüratları ilə fikirlərini çatdırmağa nail ola bilir: “Ağaclar... Göyə uzanan əllər kimidir ağaclar... Neçə barmağı var ağacların? Kimin qolları, kimin bədənidir ağaclar?"
Bəxtiyar Aslanın əsərlərində duyğuların, hisslərin, emosiyaların təsviri, qəhrəmanların daxili həyəcan və sarsıntılarının əks olunması ümumiləşdirilmiş obraz daxilində verilmir. Müəllif ümumiləşdirilmiş obraz və tiplər yaratmağa səy göstərmir. Ümumiləşdirilmiş obraz və tiplər yaratmaqdan uzaqlaşaraq, fərdilik yəni individualizm üzərində dayanmağa üstünlük verir. Bəxtiyar Aslanın “Aramızda danışan” hekayəsində “ayrılığın yükünü təkbaşına daşımağa gücü” çatmayan insanın ümumiləşdirilmiş obrazına deyil, məhz individuallığına diqqət yetirilir. Yazıçı nakam məhəbbət yaşamış insanın fərdi düşüncələrinin təsviri ilə duyğuların, hisslərin, emosiyaların təsvirini, daxili həyəcan və sarsıntılarını əks etdirir: “Bu eşq bir düşüncənin körpəsidir, təsdiqin, ya da inkarın deyil. Bu üzdən sözləşməyə ehtiyacımız yoxdu. Bəlkə, bunu mən deyirəm. Yaxud sən... aramızda bir başqasının danışması dilin ortadan yox olmasıdırmı? Yoxsa üçüncü bir dildimi bizi sorğu-sual edən? Hər nəsə... baxdıqca dəyişir, dalğalanır...”
Əbədi dəyərləri özündə ehtiva edən hekayələrində yazıçı təsvir etdiyi obrazları incə ştrixlərlə oxucunun gözündə canlandırır. Müəllifin əsərlərində epizodik obrazların da duyğuları, hissləri, emosiyaları, həmçinin daxili həyəcan və sarsıntıları bütün detalları təqdim edir: “Geri döndüm və sənin gəldiyini gördüm. Ayaqlarımı sürüyərək yüyürdüm. Adətim belədi. Sağ tərəfimdə uzun, qarasaçlı, badamgözlü bir qız vardı. Adını xatırlayıram. Heç bir şey demədən, çəkinmədən gəlib qoluma girmişdi. Badamgözlü, uzun saçlıydı. Məndə qalan fotoqrafın solmayan qırıntılarıydı bunlar. Bir də gülümsəməsi... qulağıma pıçıldadığı cümlələrdən çox bədənimə hopan qoxusunu xatırlayıram indi nədənsə." Göründüyü kimi, müəllif ictimai məsələlərdən uzaqlaşaraq, şəxsi əhval-ruhiyyə və təəssüratını əks etdirməyə cəhd etmişdir.
Bəxtiyar Aslanın əsərlərində kompozisiyanın parçalanması, yəni fraqment formalardan istifadəyə, təhkiyəni yarımçıq qoyulmasına, bir-biri ilə əlaqəsi olmayan fikirlərin işlədilməsinə üstünlük verilməsi kimi amillərə rast gəlmək mümkündür. Bu səbəbdən də müəllifin hekayələrini dərindən anlamaq üçün oxucunun hekayəni diqqətlə oxuması zəruriliyi meydana çıxır. Sevgilisinə xəyanət edən insanın daxili aləmini, həmçinin xəyanətinə ortaq olan insanın mənəvi dünyasını açıqlamağa cəhd etmiş müəllif bunu fraqmentlər şəklində təsvir edir: “Öpüşdük də. O öpdü deyəsən, təklifsizcə. Amma ikimiz də bunun eşq olmadığını bilirdik. Oturduq, saçlarını sevdik. Bir çay kimi axdıqca çoxalırdı. Sevdik və işıqlı bir tərəfi olduğunu fərq etdik. Bunun sənə xəyanət demək olduğunu bilmirdim. Sözləşməmişdik. Aramızda səssiz, sözsüz gedib-gələn sözlərə rəğmən məni sevib sevmədiyini bilmirdim. Daha doğrusu, bilirdim, amma bunun söylənmiş, sözə tökülmüş bir elm qədər dəyəri yoxdu. Əslində, onu aşarkən belə...”
Bəxtiyar Aslanın əsərlərində bir-birilə ziddiyyət təşkil edən söz və ifadələrin işlənilməsi də nəzərdən qaçmır. Müəllifin “Aramızda danışan” hekayəsində bir-birini təkzib edən və ziddiyyət təşkil edən söz və ifadələri işlədilməsinə rast gəlmək mümkündür. Yazıçı müqayisələrdən istifadə etməklə fikrini mükəmməl formada çatdırmağa nail ola bilir: “Əyilib saçlarımı oxşadı, bir şey, su kimi, atəş kimi dirildən və öldürən bir şey pıçıldadı. Bu sirri kim söyləmişdi ona? Bunu necə etmişdi? Suyu və odu, ölümü və yaşamağı bir kəlmədə görüşdürməyin sirrini kim niyə vermişdi ona.”
Bəxtiyar Aslanın əsərlərində obrazlı əlaqələrin assosiativliyi əşyaları görünmədən təsvir etməklə, onların yaddaşlarda iz buraxılmasına əminlik yaradılmasında, qəhrəmanın keçmişindən, bu keçmişin yeni hadisə kimi qarşıya çıxan xatirələrində özünü göstərirdi. Fikir və hisslərin olduğu kimi daxili monoloq şəklində bədii əsərdə özünü büruzə verməsi Bəxtiyar Aslanın əsərlərinin obrazlı əlaqələrinin assosiativliyinin nəticəsidir. Məsələn, yazıçının “Lacivərd” hekayəsində hadisələrin ziddiyyətli, təzadlı məqamlarının yaddaşlarda iz buraxması, şüur axınına ədəbi texnika kimi müraciət edilməsi diqqəti cəlb edir: “…əslində, bir sonun, bəlkə də həyatın və ya ölümün rəmzi idi nəticədə. Hər şeyin mümkün və hər şeyin mümkünsüz olduğu bir yerdə, bir gerçəklikdə yaşayırdıq hər şeyi. Gerçəkliyin mümkünsüz olduğu… mümkünsüzlüyün gerçək olduğu… ikimizin obrazı bir obrazda…” Qeyd edək ki, Bəxtiyar Aslan qəhrəmanın keçmişindən və bu keçmişin yeni hadisə kimi qarşıya çıxan xatirələrində axıcı hadisə ardıcıllığı özünü göstərmir. Müəllif yalnız düşüncələrini, hisslərini daxili monoloq vasitəsilə əks etdirməyə qadir ola bilir.
Bəxtiyar Aslanın əsərlərində əks səda şəklində təqdim edilən monoloqlar məhz qəhrəmanın exosu şəklində özünə göstərə bilir: “Əlindəki gümüş aynaya çiyinlərinin üstündən baxırdım və sənin aynadakı üzünün gerçəkliyinin qıraqdakı üzünün gerçəkliyindən daha kəskin olduğunu dəqiqliklə görür, dəqiqliklə bilirdim. Bunun belə olması tamamilə sənin ayna gerçəkliyində yaşamağınla bağlıydı.”
Bəxtiyar Aslanın əsərlərində obrazların psixoanaliz düşüncə tərzi diqqətdən yayınmır. Həmçinin hekayələrdə düşüncə axını ardıcıllığını pozulması da özünü göstərir. Yəni, əvvəl, orta və ya son kimi ardıcıllıq hekayələrdə gözlənilməməsi, yəni bu sıralanmanın pozulması özünü göstərir. Oxucu hekayəni istədiyi yerdən oxusa belə, hekayənin qavranılmasında problem yaranmır.
Bəxtiyar Aslanın əsərlərinin ideoloji və fəlsəfi məzmununda, bədii fikir və bədii üslubunda simvolizm və impressionizmin sintez təşkil etməsi maraqlı əsərlərin yaranmasına meydana açmışdır. Semantik yükün əsas aləti kimi çıxış edən simvolizmlə yanaşı mistisizm və mifyaradıcılığının, qəhrəmanların dünyalarının intuitiv dərki və s. müasir ədəbiyyatı maraqlandıran məsələlər kimi aktuallıq kəsb edirlər. Bu baxımdan, Bəxtiyar Aslanın əsərlərində həyat həqiqətlərini yazıçı təhkiyəsində, daxili monoloq və nağıl etməklə psixoloji düşüncənin, həmçinin şüur axınının oxucuya çatdırılmasına üstünlük verilməsi nəzərdən qaçmır. Yazıçının əsərlərində bədii fikrin həyata meydan oxumasının real təsviri, hadisələrin qurulması və insana xas həqiqəti ifadə etmək üzrə tənzimlənərək özünü göstərməkdədir. P. Elüar, B. Brext, P. Neruda, N. Hikmət, E. Heminquey, U. Folkner, Q. Qrin və s. sənətkarların əsərlərində özünü göstərmiş modernizm Bəxtiyar Aslanın yaradıcılığında davam etdirilməkdədir.
 
İstifadə edilmiş ədəbiyyat:
 
Bəxtiyar Aslan. “Üç əqrəb zamanı” Bakı, Mürtəcim 2019, 128 səh.;
Bəxtiyar Aslan. Aramızda danışan // https://edebiyyatqazeti.az/news/proza/1229-aramizda-danisan;
Bəxtiyar Aslan. Aynadakı yolçuluq  // https://www.azyb.az/index.php/literature/post/444;
Bəxtiyar Aslan. Ölüm və mavi quş // Azərbaycan-Türkiyə ədəbi əlaqələrində yeni səhifə.  525-ci qəzet. 12.02.2018.

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar