Dur uru, ey saqiyi-məhru bizə,
Sun bərü bir qaç qədəh vinu1 bizə.
Ləblərindir gərçi kim, tiryaki-can,
Əfi zülfin içirür ağu bizə.
Gün yüzündən şadü xəndandır könül,
Saçların əbri salar qayğu bizə.
Eyni-aşubi-cahandır gözlərin,
Afəti-can oldu ol cadu bizə.
Rövzəyi-hüsni-camalın görəli,
Hasil oldu cənnəti-minu bizə.
Gərçi kim səhmi-səadətdir qaşın,
Ox edər tiz ol kəman-əbru bizə.
Dür dişinlə ləli-nabun zövqini
Verməz, ey can, laləvü lölö bizə.
Abi-heyvan çeşməsindən dadlıdur,
Versə ləlin çün bir içim su bizə.
Rəhzəni-candır, Həbibi, xaki-dust,
Vəh ki, edər ol dil siyəh hindu bizə.
1 Çaxır, şərab
Əzizağa Məmmədov, HƏBİBİ ŞEİRLƏR, Milli Kitabxana, "ŞƏRQ-QƏRB" BAKI-2006
Bu kitab "Həbibi. Şeirlər" (Bakı, Yazıçı 1980) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır