GÜLŞƏNİ-RAZ 'DAN

05.03.2017

«GÜLŞƏNİ-RAZ»
 
Adıyla bu cana fikir qandıran,
Can nuruyla qəlb çırağın yandıran.
Fəzlindən hər iki aləmdir rövşən,
Feyzindən xaki-Adəm oldu gülşən.
Qüdrəti görsəndi bircə an, bir dəm,
Kafü nundan doğdu hər iki aləm
Qüdrətinin qafı qələmə yetdi,
Minlərlə nəqş lövhi-ədəmə yetdi.
O dəmdən peyda oldu iki aləm,
O dəmdən aşkar oldu cani-Adəm.
Ağıl ilə seçim Adəmə gəldi,
Hər şeyin əslini onunla bildi.
Özünü gördükdə bir şəxs müəyyən,
Fikirləşdi axı görən nəyəm mən.
Cüzvidən külliyə bir səfər etdi,
Oradan aləmə bir güzar etdi.
Dünya etibarlı işdirsə, əgər,
Vahiddən törənər başqa ədədlər.
Əmr ilə xəlq bir nəfəsdən yetişdi,
O dəm gələn kimi yenə də getdi.
Lakin bu yer gediş-gəlişdən deyil,
Gedişə bax, ayrı gəlişdən deyil.
Öz əslinə qayıtdı bütün əşya
Hamı bir şey oldu, pünhan və peyda.
Qədim uca Allah edər bir dəmdə,
Əvvələ sonluğu iki aləmdə.
Xəlqü əmr aləmi burda bir oldu,
Biri çoxaldısa, biri azaldı.
Bütün qeyri-surət doğar vəhmindən,
Nöqtə dairədir seyr sürətindən.
Bircə xətt var, əvvəldən ta axır,
Xəlqi-cahan olmuş ona müsafir.
Peyğəmbər bu yolda dönər sarvana,
Dəlil və bələdçi olar karvana.
Seyyidimiz oldu onlara sərvər,
Həm əvvəl, həm axır bu işdə rəhbər.
Əhmədin «mim»ində əhəddir zahir.
Dövrdə əvvəl gəldi eyni axir.
Yolun sonu gəldi xətmi-nübüvvət,
Onda mənzil oldu Allaha dəvət.
Ürəkaçan məqamı cami-cəmdir
Canyaxan camalı şəmi’-cəmdir.
O öncə, ürəklər dalınca qaçar,
Ətəyindən tutub gör neçə canlar.
Övliya bu yolda, əvvəldən-sondan,
Yetdiyi mənzildən verir bir nişan.
Sonra öz həddinə oldular vaqif
Söz açdılar: nədir mərufla arif.
Biri bəhri-vəhdətdəndir ənəl-həqq,
Biri yaxın-uzaqdan, seyri-zövrəq.
Birisi elmi-zahir etdi hasil,
Göstərdi ki, quruluqdur bu sahil.
Biri gövhər alıb qaldı hədəfdə,
Birisi bunları qoydu sədəfdə.
Biri cüzv ilə külldən söz açdı
Biri qədimdən hüdusa göz açdı.
Biri zülfü, xalü xətt bəyan etdi,
Şərabü şəmü şahid əyan etdi.
Biri xəyal ilə varlığı buldu,
Biri də bütlə zünnara qərq oldu.
Sözlər uzlaşaraq mənzilə düşdü,
Xilqətin fəhmində müşkülə düşdü.
Kimi bu mənaya olubdur heyran,
Zəruridi bunu bilmək hər zaman.
Yetmişdən keçərək yeddilə onda.
Başlandı hicrətin şəvval ayında.
 
https://www.azadliq.org/a/26529431.html

0

1

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar