KategorilerŞİİRİSTANŞeyh Mahmud Şebusteri ŞiirleriGÜLŞƏNİ-RAZ 'DAN Doqquzuncu sual: Vacib və mümkünün vüsalı,

GÜLŞƏNİ-RAZ 'DAN Doqquzuncu sual: Vacib və mümkünün vüsalı,

05.03.2017
 
GÜLŞƏNİ-RAZ 'DAN
 
 
Doqquzuncu sual: Vacib və mümkünün vüsalı,
 
Haqqa yaxınlıq və uzaqlıq
Mümkünlə vacibin vüsalı nədir?
Yaxın-uzaq, az-çoxun halı nədir?
Nə az, nə çox, eşit hədisi məndən,
Yaxınlıqdan düşdün uzaq özündən.
Varlıq zühurunu yoxluqda buldu,
Yaxın-uzaq, az-çox buradan oldu.
Yaxın odur ki, varlıqdan nur alar,
Uzaq odur, varlıqdan uzaq qalar.
Sənə özündən bir nur yetirsə əgər,
Səni varlığından o, xilas edər.
Sənə bu var-yoxdan bəs nə yetişər,
Ondan bəzən qorxu, gah ümid gələr.
Kim onu tanısa qorxmaz ki, ondan,
Uşaq kölgəsindən qorxar hər zaman.
Əgər yola düşsən, bir qorxu gəlməz,
Ərəbin atına qamçı gərəkməz.
Nə qorxun var cəhənnəmin odundan,
Tənlə can pak olub öz varlığından.
Atəşdən pak – xalis qızıl parlayar,
Onda qatqı yoxsa, od nə yandırar?
Qarşında özündən qeyri yoxdur, bax,
Özcə vücudunu gəl düşün ancaq.
Əgər sən özünə olsan giriftar,
Aləm sənə bir daha hicab olar.
Varlıq çevrəsində alçaq cüzv sənsən,
Vəhdət nöqtəsilə üzbəüz sənsən.
Aləmdəki hər şey səndədir zahir,
Şeytan tək deyirsən, mənim tək kimdir.
Onun üçün mənə verdin ixtiyar,
Bədənim minikdir, canımsa süvar.
Bədən cilovunu cana verdilər,
Bəs bütün təklifi mənə verdilər.
Bilmirsən ki, bu yol atəşpərəsdir,
Varlıqdan gələnlər nəhs, afətdir.
Bəs hansı ixtiyar, ey mərdi-cahil,
Mahiyyətcə o kəs sayılır batil.
Varlığın bir kərrə yoxluq kimi var,
Daha demə haradandır ixtiyar?
Hər kim ki, özündən tapmamış varlıq,
Zatında nə pislik var, nə yaxşılıq.
Kimi gördün sən cümlə bu aləmdə,
Qəmsiz şadlıq tapsın təkcə bir dəmdə.
Kimdə hasil oldu ümid sonadək,
Kim kamalda qaldı ən son anadək.
Mərtəbələr qalır, onu keçənlər
Allahla haqq əmrin qalib bilərlər.
Haqqı təsirli bil hər bir yerdə sən,
Ayağı kənara qoyma həddindən.
Öz halından bil ki, bu qədər nədir?
Oradan da bil, əhli-qədər kimdir?
Hər kimin məzhəbi qeyri-cəbrdir,
Nəbi deyib ki, sanki o kafirdir.
Bu kafir Hürmüzlə Əhrimən dedi,
Həmin axmaq nadan «o» və «mən» dedi.
Bizdə məcazladır bu hərəkətlər,
Həqiqətdə oyundur bu nisbətlər.
Hərəkətin yaranıb sən yox ikən,
Səni bir iş üçün seçiblər erkən.
Səbəbsiz qüdrətə malikdir bu həqq,
Özcə elmi ilə hökm etmiş mütləq.
Öncə qərarlaşıb canla bədəndən,
Hər birisi üçün bir iş müəyyən.
Birisi yeddi yüz min il itaət
Etsə də boynuna keçdi tünd lənət.
Sonra asilikdən nur, səfa qandı,
Tövbə edib seçilmiş ad qazandı.
Əcəbdir bu bir əmri tərk etməkdən,
Rəhm, qüfran aldı haqqın lütfündən.
Qadağadan başqası oldu məlun,
Sənin felinə yox nə, niyə və çün.
Cənabi-kibriya laübalidir,
O xəyali ölçülərdən xalidir.
Nə varmış əzəldə, ey mərdi-naəhl,
Bu Məhəmməd oldu, o Əbu Cəhl.
O kimdir Allaha «nə üçün» söylər,
Müşrik həzrətinə pis sözlər deyər.
Tək ona layiqdir, sorsun «nə?», «niyə?»
Bəndədən etiraz xoş olmaz deyə.
Allahlıq yalnız böyüklükdür, bil,
Səbəb onun felinə layiq deyil.
O Allaha layiq lütf, qəhrdir,
Lakin bəndələrçün fəqr, cəbrdir.
Kəramət Adəm üçün naçardır,
Bəs onun nəsibi nə ixtiyardır.
Heç zaman heç nəyi olmaz özündən,
Sonra da soruşar yaxşıdan, pisdən.
İxtiyarı yoxdur, olubdur məmur,
Əhsən bu miskinə muxtardır məcbur.
Bu zülm deyil, eyni elm, ədldir,
Cövr deyil, bu ki lütf, fəzldir.
Şəriətə ondan təklif etdilər,
Ki, özcə zatından tərif etdilər.
Haqqın təklifindən aciz olsan sən,
Biryolluq aradan özün gedərsən.
Sən özündən tamam nicat taparsan,
Ey dərviş, haqq ilə zəngin olarsan.
Get, canı bədəndə qəzaya et ram,
İlahi təqdirə razı ol tamam.
 
https://www.azadliq.org/a/26529431.html
Yorum yapmak için lütfenKayıt Olunya da