GÜLŞƏNİ-RAZ’DAN Məhbus olma ünsürə, təbiətə

05.03.2017
 
GÜLŞƏNİ-RAZ’DAN  
 
Məhbus olma ünsürə, təbiətə,
 
Çıx nəzər sal, bu sün’ə, bu xilqətə.
Təfəkkür et göylərin xilqətində,
Haqq səni mədh etsin ayələrində.
Bax gör bir yol gedir Ərşi-əzəmə,
Əhatəsi vardır iki aləmə.
Niyə Ərşin adın qoydular Rəhman?
Qəlbiylə nə qurdu onunla insan?
Niyə hər ikisi hərlənir müdam,
Bircə ləhzə tapa bilməyir aram.
Ürək mərkəz, Ərş isə bəsitdir.
Bu bir nöqtə, o da dövri-mühitdir.
Gecə-gündüz az-çox eyləyər gərdiş,
Ərş sənin dövrəndə, ey mərd, ey dərviş.
Dövr edən cisimlər nə üçün ondan,
Hərəkətə gəlmiş, yaxşı bax bir an.
Dolab tək məşriqdən məğribə gedər,
Yeməksiz, yuxusuz daim dövr edər.
Gecə-gündüz, bu böyük çərx müdam,
Aləm ətrafında dövr edər tamam.
Onunla böyləcə başqa fələklər,
Çərx ilə yanaşı dövrə gələrlər.
Lakin böyük çərxin gərdişin bilsək,
Əksinə dövr edər bu səkkiz fələk.
Kürsü ortasıdır bürclərin zatı,
Orda nə ayrılma, nə boşluq qatı.
Əvvəl Qoçla, Buğa, Əkizlər, Xərçəng,
Sonra verir Şirlə Qız buna ahəng.
Mizan ilə Əqrəb, sonra da Kaman,
Oğlaq, Dolça, Balıq sonuncu nişan.
Min iyirmi dörddür sabit ulduzlar
Kürsüdə onların öz məqamı var.
Yeddinci Keyvandır çərxə pasiban,
Altıda Müştəri olubdur məkan.
Beşincidə Mərrix olub yerbəyer,
Dörddəki Günəşdir, aləmi bəzər.
Üçüncü Zöhrədir, iki – Ütarid,
Ay dünya çərxinə olubdur varid.
Zühəlçün Oxlaqla, Dolça, Müştəri,
Qövs ilə Balıq ilk və son yeri.
Qoç Əqrəblə Bəhram yerinə gəldi,
Şir yenə Günəşdə rahat yer buldu.
Zöhrənin guşəsi Buğayla Mizan,
Utarid yer tapdı Əkizlə Qızdan.
Xərçəngi özünə Ay həmcins etdi,
Quyruq baş olaraq bir düyün seçdi.
İyirmi səkkizdir Ayın mənzili,
Uzlaşar Günəşlə hər müqabili.
Köhnə saplaq kimi qədimidir bu,
O bilən əzizin təqdiridir bu.
Düşüncədə olsan bir mərdi-kamil,
Hər dəfə söylərsən, deyildir batil.
Ol haqqın kəlamı bunu söyləyər,
Yəqin zəifləsə, batil görünər.
Cücünün varlığı hikmətsə, ey xam,
Onsuz var olarmı Tir ilə Bəhram?
Bu işin əslinə baxsan əgər sən,
Fələyi də Onun hökmü bilərsən.
Münəccim nəsibsiz qalıb imandan,
Hər təsiri bilər göydən, ulduzdan.
Gör necə ram olmuş çərxi-müdəvvər,
Haqqın əmri, hökmü ilə bu qədər.
 
 
 
https://www.azadliq.org/a/26529431.html
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar