GÜLŞƏNİ-RAZ’DAN Qayda: İlahi təzahürlər

05.03.2017
 
GÜLŞƏNİ-RAZ’DAN  
 
Qayda: İlahi təzahürlərin mərtəbələrinin sonsuzluğu
 
Sən aləmdən həmin bir söz eşitdin,
Gəl bir söylə aləmdən bəs nə gördün.
Nə bilmisən nədir surət, ya məna,
Nə olar axirət, necədir dünya.
Söylə simurğ ilə uca Qaf nədir,
Behiştlə cəhənnəm və ə’raf nədir?
Hanı o aləm ki, peyda deyildir,
Bir günü burada sanki bir ildir.
Dünya deyil təkcə burda gördüyün
Eşit, axır var həm də görmədiyin.
Gəl, göstər Cabilqa hansıdır, nədir?
Cabilsa şəhrinin bəs adı nədir?
Məğribi məşriqi birgə düşünsən,
Birdən artıq deyil bu aləm, bilsən.
İbn Abbasdandır onun bəyanı,
Eşit və özünü yaxşıca tanı.
Yuxulusan, bu görməyin xəyaldır,
Gördüyün hər şey ondan bir misaldır.
Həşrin sübhü ilə ayılsan dərhal,
Bilərsən hamısı vəhmdir, xəyal.
Çaş gözün xəyalı qalxsa aradan,
Dəyişər bu zaman yerlə asiman.
Günəşi gər əyan göstərsə üzün,
Qalmaz nuru Nahidin, ayla günün.
Düşsə ondan şölə bir səngi-xara,
Rəngli yun tək olar daş para-para.
Bacarıqdır indi, bil, iş qaydası,
Bacarmasan bilməyin nə faydası.
Ürək hədisindən nə deyim ki, sən,
Ayağın palçığa batıb düşmüsən.
Cahan sənin, sənsə qalmısan aciz,
Səndən daha məhrum kim görmüş, hərgiz?
Hisslər sanki bir mənzildə saxlamış,
Acizlik əliylə ayaq bağlamış.
Seçmisən qadın tək uğursuz diyar,
Öz cəhlindən sən etmədin bircə ar.
Dünya igidləri qərq olmuş qana,
Sən pərdədə ayaq qoymadın yana.
Bir qarı dinindən nə fəhm etmisən,
Özünə bu cəhli rəva bilmisən.
Naqisdir ağılda, dində qadınlar,
Niyə mərdlər üçün yol seçsin onlar?
Əgər mərdsən, çıx dışraya, nəzər et,
Qarşı gələn hər bir şeydən güzər et.
Mərhələ içində dayanma bir an,
Saxlama, qoy getsin yolçuyla karvan.
Xəyal kimi haqqı istə, haqq söylə
Gecəni gün, gündüzü gecə eylə.
Ulduzla ay, böyük günəş parlayar,
Hisslə xəyal, ağıl üçün nur saçar.
Hər şeydən üz döndər, ey yolçu, boylə,
«Həmişə sönəni sevmərəm» söylə.
Bu yolda Museyi-İmran kimi sən,
Get eşit «Allah mənəm» ayəsindən.
Varlıq dağınadək öndə qalarsan,
«Ərni ləntərani» cavabı alarsan.
Həqiqət kəhrüba, vücudun saman
Varlıq dağın yoxsa, bu yol haradan?
Təcəlli yetişsə varlıq dağına,
Dönər varlıq bir ayaq torpağına.
Bir cazibə edər gədanı sultan,
Bir anda dağ dönərək olar saman.
Xacənin ardınca əsraya yetiş,
Böyük ayələrə tam eylə gərdiş.
«Ümmi Hani» sarayından çıx çölə
«Məni görən» hədisin mütləq söylə.
Keç iki aləmdən, künci kafında,
Otur qabi-qövseynin qafında.
Nə istəsən haqq onu sənə verər,
Aləmdə nə varsa sənə göstərər.
 
https://www.azadliq.org/a/26529431.html
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar