GÜLŞƏNİ-RAZ 'DAN
Səkkizinci sual: Seyr və süluk, Haqqa qovuşan arif
Niyə bəs məxluqa deyirlər vasil?
Necə oldu seyrlə süluk hasil?
Haqq vüsalı xəlqiyyətdən ayrılıq,
Özündən biganə yəni aşnalıq.
Mümkün varlıq iman tozun silərsə,
Vacibdən savayı qalmaz heç nəsə.
Varlıq iki aləmdə bir xəyaldır,
Bəqa vaxtı eyni işlə zavaldır.
Məxluq deyil ki, Haqqa olan vasil,
Bu sözü söyləməz heç mərdi-kamil.
Yoxluq bu qapıya haçan yol tapar?
Torpağın Rəbb ilə de nə işi var?
Yoxluq nədir ki, Haqqa vasil olsun,
Ondan da seyr-süluk hasil olsun.
Bu mənadan canın olarsa agah,
Vaxtında deyərsən əstəğfürullah.
Sən yoxsan, yoxluqda həmişə sakin,
Vacibə yetərmi yoxluqla mümkün.
Heç cövhər ərəzsiz olmaz əyanda,
Ərəz necə qalmaz iki zamanda.
O həkim bu fənni edərkən təsnif,
Dərinlik, boy, enlə eylədi tərif.
Həyula bəs nədir? Mütləq bir yoxluq,
Onda surət tapar özünə varlıq.
Həyulasız surət qədim deyildir,
Həyula da onsuz daim deyildir.
Aləmdə cisimlər bu iki yoxdan,
Yoxdan başqa bir xəbər yoxdur ondan.
Mahiyyət nə azdır, nə də çoxdur, bil,
Özündə nə mövcud, nə də yoxdur, bil.
Həqiqətdə nəzər salsan imkana
Varlıqsız eynilə gələr nöqsana.
Varlıq kamalıyla sirayət edər,
Müəyyənlik həqiqini nə bilər.
Həqiqi olmayan mövcud deyildir,
Çox ədəd vahiddən məhdud deyildir.
Cahanın varlığı məcazidir, bil,
Bütün işi ləhv ilə bazidir, bil.
https://www.azadliq.org/a/26529431.html