GÜLŞƏNİ-RAZ’DAN Təmsil: Haqqın nurunun görünməsi

05.03.2017

 
GÜLŞƏNİ-RAZ’DAN  
 
Təmsil: Haqqın nurunun vasitəsiz görünməsi
 
Günəşin çeşməsin görmək istəsən,
Gərək başqa şeyi tələb edəsən.
Gözün taqəti yox görsün bu işi,
Suda görmək olar parlaq günəşi.
Onun işıqlığı azalsa əgər,
Sənin bu idrakda halın yüksələr.
Ədəm nədir? – mütləq varlığa ayna,
Haqqın nuru əks olur onda peyda.
Yoxluq olur varlıq üçün müqabil,
Onun əksi olur bu halda hasil.
Ol vəhdət kəsrətdən oldu aşikar,
Birin saydın, çoxluq oldu bərqərar.
Ədəd başlanğıcda bir olsa, yenə,
Heç vaxt sonu bitməz, onu bilsənə.
Yoxluq öz zatında saf olduğundan,
Gizli xəznə zühurə gəldi ondan.
Oxu, «gizli xəznə» hədisin bir an,
Ta aşkar görünsün ol gənci-nihan.
Yoxluq – ayna, aləm – əks və insan,
Gözün əksi kimi şəxs onda pünhan.
Sən gözün əksisən, o göz üçün nur,
Göz gözü göz ilə bil, görmüş olur.
Cahan insan oldu, insansa cahan,
Bundan daha da pak olmaz bir bəyan.
Yaxşı baxsan əgər, əslində bu iş,
Həm gözdür, həm görən, həm də ki görüş.
Qüdsi hədis etdi mənasın bəyan,
«Mənlə eşitdi, gördü» oldu əyan.
Başdan-başa bir aynadır bu cahan,
Hər zərrədən saçar yüz mehri-taban.
Əgər bir qətrənin bağrını yarsan,
Yüz saf dərya üzə çıxarar ondan.
Hər cüzvə düz baxsan əgər torpaqdan,
Minlərlə Adəm aşkar olar ondan.
Ağcaqanad əzasıyla bir fildir,
Ad cəhətdən damla elə bil Nildir.
Bir dənə içində yüz xırman gəldi,
Bir darı içində bir cahan gəldi.
Cücü qanadında yerləşibdir can
Nöqtənin içində çeşmi-asiman.
Ürəyin nöqtəsi kiçikdirsə, bil
Allah etmiş iki aləmə mənzil.
Cəm olubdur onda hər iki aləm,
Bəzən iblis olar, bəzən də Adəm.
Bax gör aləm bir-birinə dolaşmış,
Divlə şeytan həm mələklə bulaşmış.
Bir-birilə hamı toxum ilə bar
Kafərdən mömindir, mömindən kafər.
Cəm olmuş hamısı nöqteyi-halda
Bütün dövrü zaman, gün, ay və il də.
Əzəl ilə əbəd eynidir bir dəm,
İsa nüzul etdi, var oldu Adəm.
Bu dövrdə hər bir nöqtə dövr edər,
Hər şəkildən min şəkil ələ gələr.
Hər nöqtədən yeni bir dövr düzələr,
Həmin mərkəz, bu dövrdə seyr edər.
Bir zərrə öz yerindən çıxsa əgər,
Aləm başdan-ayağa xələl görər.
Hamısı sərgəştə, heç biri bir an,
Kənara çıxmayıb həddi-imkandan.
Müəyyənlik hər birin etmiş məhbus,
Cüziyyət küllidən olubdur məyus.
De ki, daim seyr ilə həbs içində,
Həmişə boşluqla libas içində.
Hamı hərəkətdə və daim aram,
Nə başlanğıc peyda, nə də ki əncam.
Hamı öz zatından yetmiş agaha,
Oradan yol tapmış uca dərgaha.
Pərdə arxasında hər zərrə pünhan,
Canalan camalla, xoşüzlü canan.
 
 
https://www.azadliq.org/a/26529431.html
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar