GÜLŞƏNİ-RAZ 'DAN Təmsil: Nəbi və vəlinin özəllikləri

05.03.2017
GÜLŞƏNİ-RAZ 'DAN
 
Təmsil: Nəbi və vəlinin özəllikləri
 
Nəbi günəş kimi, vəli isə ay,
Allahla müqabil olub alar pay.
Nübüvvətin kamalı saflıqdadır,
Vilayət onda gizli yox, peydadır.
Vilayət vəlidə örtülü gərək,
Vəli peyğəmbərlə peydadır demək.
Vəli Haqq yolunda həmdəm gəlibdi,
Nəbi vilayətçün məhrəm gəlibdi.
Yol taparsız «Allahı sevərsiniz»,
«Allah sizi sevsin» xəlvətinə siz.
Həmin xəlvətxanada o sevilər,
Biryolluq Haqq ilə tez cəzb edilər.
Vəli tabe olar məna üzündən,
Abid vəli olar məna yönündən.
Vəli işin edər o zaman tamam,
Başlanğıca gəlsin yenə də əncam.
Kamil mərd odur ki, hər şeydə tamam,
Xacə məqamında o olar qulam.
Qət edər bu zaman uzaq məsafət,
Haqq qoyar başına taci-xilafət.
Fənadan sonra da bəqaya yetər,
Sonluqdan əvvələ yenə yol gedər.
Şüar etsin şəriəti özünə,
Libas etsin təriqəti özünə.
Ol zatın məqamı bu həqiqətdir,
İmanla küfr bu arada cəmlənir.
Gözəl əxlaq ilə Haqqa tapınmış,
Elm, zöhd və təqvada tanınmış.
Hər şey onda, o hamıdan uzaqda,
Gizlənmiş ilahi qübbənin altda.
Xarab olar sərasər məğzi-badam,
Qabığını soysan əgər olsa xam.
Yetişsə, qabıqsız o yaxşı olar,
Qabığını soyub məğzini çıxar.
Şəriət qabıqdır, içi həqiqət,
Bunlar arasında gəlir təriqət.
Məğzin naqisliyi bu yolda xələl,
Məğz yetişibsə, qabıqsız gözəl.
O zaman ki, arif yəqini qandı,
Məğz yetişəndə qabıq da sındı.
Vücudu bu aləmdə qərar tapmaz,
Çıxıb getdi, daha geri qayıtmaz.
Qabıqla günəşdən işıq götürər,
Bu seyrdə yenidən bir dövr edər.
Ağac tək böyüyər su ilə xakdan,
Budaqları keçər yeddi əflakdan.
Həmin dənə yenə aşkara çıxar,
Birə yüz, bax budur təqdiri-cabbar.
Toxum ağac xəttində seyr eylədi,
Nöqtədən xətt, xəttdən də dövr eylədi.
Salik dairədə olsa mükəmməl,
Axır nöqtə yenə də olar əvvəl.
Bir daha olar o sanki bir pərgar,
Əvvəlki işini eyləyər təkrar.
O bir dəfə qət eyləsə məsafət,
Haqq başına qoyar taci-xilafət.
Bu anlam tənasüx mənası vermir,
Təcəllidən olur belə hal zahir.
Soruşub dedilər: nədir nəhayət?
Dedilər, qayıtmaq gərək bidayət.
 
https://www.azadliq.org/a/26529431.html
 
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar