KategorilerŞİİRİSTANŞeyh Mahmud Şebusteri ŞiirleriGÜLŞƏNİ-RAZ 'DAN Təmsil: Sədəf və gövhərin yaranması

GÜLŞƏNİ-RAZ 'DAN Təmsil: Sədəf və gövhərin yaranması

05.03.2017
GÜLŞƏNİ-RAZ 'DAN
 
Təmsil: Sədəf və gövhərin yaranması
 
Eşitmişəm neysan ayında ki, mən,
Sədəf üzə qalxar ümman dibindən.
Dəryanın dibindən yuxarı çıxar,
Üstündə oturub ağzını açar.
Dəryadan buxarlar göyə yüksələr,
Haqqın əmri ilə aşağı enər.
Neçə damla onun ağzına damar,
Sonra da ağzını yüz bənd bağlayar.
Dolu bətn ilə diblərə gedər,
Bu yağış damlası dürrə çevrilər.
 
Qəvvas o dəryanın dibinə gedər,
Oradan ən parlaq lö’lö gətirər.
Bədənin sahildir, varlığın dərya,
Buxar bir feyz, yağışsa «elmi-əsma».
Qəvvasın ağılı böyük dəryadır,
Mücrüdə yüz-yüz cəvahir saxlayır.
Ürək elm üçün tutumlu zərfdir,
Sədəf bu elmdə səs ilə hərfdir.
Nəfəs rəvan olar parlaq şimşək tək,
Ondan söz qulağa yetişər demək.
Sədəfi qır, çıxar şahanə bir dürr
Qabığı at, o gözəl məğzi götür.
Lüğətlə söz, nəhv ilə sərf bəhsində,
Hamısı dolaşır hərf çevrəsində.
Kim ki, bütün ömrün buna sərf edib,
Sanki nazlı ömrün boş yelə verib.
Qozdan quru qabıq gələr əlinə,
Kim onu qırmasa, yetməz məğzinə.
Qabıqsız yetişməz məğz, bil əvvəl,
Zahiri elmlə din olur gözəl.
Öyüd nuş et mən tək can qardaşından,
Din elminə çalış qəlb ilə candan.
Alim iki aləmdə sərvər olar,
Əgər kiçik isə, böyük ər olar.
Əməl gerçəkləşir əhval üzündən,
Yaxşıdır bil ki, «qeylü-qal» elmindən.
 
Lakin suyla gildən gələn əməl, bil,
Ürəkdən yetişən elm kimi deyil.
Cisimlə can arasında nə fərqdir,
Bunu qərb tək bilsən, o biri şərqdir.
Əməlin əhvalın buradan bildir,
Qal elmilə halın nisbəti nədir.
Elm yoxdur meyl varsa dünyaya,
Onda surət vardır, lakin yox məna.
Elm ilə tamah cəm gəlməz əslən,
İti qov özündən, mələk istəsən.
Mələk əxlaqından din elmi gələr,
İt xislətli qəlbə gəlməz bu hünər.
Mustafa hədisi həmin elədir,
Yaxşı eşit ki, əlbəttə, belədir.
Evin içində gər olarsa surət,
Mələk ora gəlməz budur zərurət.
Ürəyin təxtini sil eylə düpdüz,
Mələk mənzil salsın sənlə üzbəüz.
Ondan hasil eylə vərasət elmi,
Ək axirət üçün, hazır et zəmi.
Haqq kitabın oxu nəfsü afaqdan,
Ziynətlən büsbütün əsl əxlaqdan.
 
 
 
https://www.azadliq.org/a/26529431.html
 
Yorum yapmak için lütfenKayıt Olunya da