GÜLŞƏNİ-RAZ 'DAN 13. Sual’e kadar
Göz və dodağa işarə
Şahidin gözündən gör nədir peyda,
Məna yönlərini gözlə burada.
Xəstəliklə məstlik qalxdı gözündən,
Yoxluq varlıq içrə gəldi lə’lindən.
Ürəklər gözündən məstü xumardır,
Lə’lindən gizlində qalan canlardır.
Ürəklər gözündən qana boyanır,
Lə’l dodağı xəstə cana şəfadır.
Gözünə gəlməzsə bu aləm, əgər
Dodağı hər saat bir lütf göstərər.
Bir an insanlıqla nəvaziş edər,
Bir an biçarəyə çarə göstərər.
Şuxluqdan can gələr torpaqla suya,
Nəfəsilə atəş vurar səmaya.
Onun hər qəmzəsi torla dənədir,
Onun hər guşəsi bir meyxanədir.
Qəmzəsiylə varlığı edir qarət,
Busəsiylə yenə tikir imarət.
Gözündən qanımız qaynayar daim,
Lə’lindən qanımız məst olar daim.
Göz qəmzəsi ilə ürək ovlayar,
Lə’l işvəsi ilə canı artırar.
Yaxınlıq istəsən gözlə ləbindən,
Bu «yox» deyər, o «hə», bilirsən nədən.
Qəmzəylə aləminin işin bitirər,
Busəylə daim can nəvaziş eylər.
Ondan bircə qəmzə, can vermək bizdən,
Ondan bircə busə, var olmaq bizdən.
Bir göz qırpımında cəm oldu aləm,
Ruh üfürməklə yarandı Adəm.
Göz ilə dodaqdan gəldi əndişə,
Bir dünya meypərəstlik etdi peşə.
Bütün varlıq gözünə gəlməz əsla,
Yuxu ilə məstlik yetişər ona.
Məstliklə yuxudur varlıq gedişi,
Torpağın rəbbül-ərbabla nə işi.
Ağıl bundan yüz cür təəccüb etdi,
Ona «göz önündə böyüsün» dedi.
Saça işarə
Uzun hekayədir saçı cananın
Demək sirr yeridir buralar onun.
Sorma məndən qıvrım saçın hədisin,
Tərpətməyin məcnunların zəncirin.
Düz qəddindən söz söylərkən mən dünən,
Saçın tələb etdi örtməyi məndən.
Əyri burda gəldi düzlüyə qalib,
Aşiqin yolunu dolanbac salıb.
Bütün qəlblər ondan olub silsilə,
Bütün canlar ondan edir vəlvələ.
Asılıb hər yandan yüz minlə ürək,
Bu həlqədən kənar deyil bir ürək.
Əgər saçlarını tamam götürər,
Aləmdə heç qılmaz tək bircə kafər.
Əgər daim saçın qalarsa sakin,
Dünyada qalmaz ki, bir nəfər mömin.
Fitnə toru qurdu saç çənbərindən,
Şuxluqla ucunu açdı bədəndən.
Əgər saçı kəsilərsə nə qəm var,
Gecə azalarsa, gündüz uzanar.
Ağıl karvanının o yolun vurdu,
Öz əliylə ona min düyün qurdu.
Onun saçı bir an tapmayır aram,
Gahdan sübh gətirir, gahdan da axşam.
Üzlə saçdan yüz gecə-gündüz etdi,
Əcəb nə çox oyuncaqlar düzəltdi.
Adəmin palçığı qarışdı bu an,
Qoxu aldı o ətirli saçlardan.
Ürəkdə saçından vardır bir nişan,
Özü sakit olmaz ki, heç bir zaman.
Hər an yenə işi başladıq ondan,
Ürəyi götürdük öz canımızdan.
Ürək pərişansa onun zülfündən,
O atəş almışdır onun üzündən.
Üz və xəttə işarə
Üz Allah hüsnünün bil, məzhəridir,
Xətt dərgahın yaxın mərtəbəsidir.
Gözəl bir xətt çəkibdir Haqq üzdən,
Gözəllik kənarda deyildir bizdən.
Xətt gəldi səbz oldu bu aləmi-can,
Adını qoydular dari-heyvan.
Gündüzü gecə et qara saçından,
Tələb et xəttindən çeşmeyi-heyvan.
Xızır kimi bir nişansız məqamdan,
İç dirilik suyu xəttindən hər an.
Şəksiz ki, üzüylə xəttini görsən,
Kəsrətlə vəhdəti bir-bir seçərsən.
Saçından bilərsən işin aləmin,
Xəttindən oxursan gizli sirlərin.
Kim xəttini yaxşı üzündə gördü,
Qəlbim onun üzün xəttində gördü.
Məgər səbül-məsanidirmi üzü?
Məna dolu dəryadır hər bir sözü.
Hər tükündə gizli qalır yenidən,
Min elm dəryası sirr aləmindən.
Su üstə gör qəlbin ərşi-rəhmanın,
Gözəl üzündəki xəttin cananın.
Xala işarə
Genişdir üzündə xalın nöqtəsi,
Mərkəz və mehvərdir mühit dövrəsi.
İki aləm dövrünə xətt gəldi ondan,
Adəmin nəfsiylə qəlbi də ondan.
Qanlı qəlbin halı xarabdır ondan,
Qara xal nöqtəsi əks alır bundan.
Xalından ürəyin halı qan olar,
Bu mənzildən kənara yol bağlanır.
Vəhdətdə yer almaz heç zaman kəsrət,
İki nöqtə olmaz əslində vəhdət.
Bilməm onun xalı qəlbin əksidir,
Yoxsa ürək üzdə xalın əksidir.
Xalının əksindən qəlb peyda olar,
Ya da qəlbin əksi ondadır aşkar.
Ürək üzdə, ya o, ürəkdə gələr,
Mənə örtülüdür bu çətin sirlər.
Əgər ürəyimiz xalın əksidir,
Niyə sonda bəs hallar çeşidlidir.
Gah xumar gözü tək məstü xarabdır,
Gah da saçı kimi bir iztirabdır.
Bəzən ay üz kimi saçır aydınlıq,
Bəzən qara xal tək olur qaranlıq.
Bəzən məscid olur, bəzən də məbəd,
Bəzən cəhənnəmdir, bəzən də cənnət.
Bəzən yeddi fələkdən üstün olar,
Bəzən torpaq altda düşüb sovrular.
Zahidlik, pərhizlik keçib də gedər,
Sonra şərabla şam, həm şahid istər.
On dördüncü sual: şərab, şəm’,
şahid və xarabat rəmzləri
Şərab, şam, şahiddən nə çıxar məna?
Xarabati olmaq bu nə iddia?
Şərab, şəm, şahid eyni mənadır,
Hər surətdə ondan təcəlli vardır.
Şərabla şəm zövqlə nurdur irfandan,
Şahidi gör, deyil kimsədən pünhan.
Şərab burda şüşə, şəm bir çıraqdır,
Şahid ruhun nurundan bir işıqdır.
Şahiddən Musaya şölə tac oldu,
Şərabı atəş, şəmi ağac oldu.
«Gecə» nuru cana şərabla şəmdir,
Lakin şahid böyük ayələrdəndir.
Şərab, şəm, şahid hamısı hazır,
Qafil olma şahidbazlıqdan axır.
Özsüzlük şərabı nuş et bir zaman,
Bəlkə öz əlindən tapasan aman.
Mey iç səni özündən azad etsin,
Damlanın vücudu dəryaya yetsin.
Şərab iç ki, bu cam yarın üzüdür,
Piyalə badəxarun məst gözüdür.
Tələb et sağərsiz camsız bir şərab,
Badə içən, saqi içən bir şərab.
Şərab iç onun üzündən, baqidir
«Səqahüm Rəbbihüm» ona saqidir.
Paklıq odur varlıq pasını silsin,
Məstlik vaxtı səni tam pak eyəlsin.
Mey iç, qurtar özünü soyuqluqdan,
Pis məstlik yaxşıdır yaxşı olmaqdan.
Kim uzaq düşərsə Haqq dərgahından,
Zülmətin hicabı yaxşıdır nurdan.
Adəm bu zülmətdən yüz məmnun oldu,
İblis nurdan əbədi məlun oldu.
Ürək aynasını silmişsə əgər,
Nə fayda, gər özün orada görər.
Üzündən mey üstə bir şölə gəldi,
Orda çox şəkildə köpük düzüldü.
Cahanla can onda köpük üzrədir,
Bu köpük övliya üçün pərdədir.
Əqli-küll ondandır heyran və bihuş,
Nəfsi-küll də ona tamam qul olmuş.
Bütün aləm onun mey kuzəsidir,
Hər zərrənin qəlbi peymanəsidir.
Ağıl məstdir, mələklər məst və can məst,
Hava məstdir, yer ilə asiman məst.
Fələk sərgərdandır, daim izləyir,
Hava ürəkdə bir qoxu gözləyir.
Mələklər pak kuzədən saf mey içdi,
Torpağa damlayla çöküntü tökdü.
Bir damladan sərxoş oldu ünsürlər,
Gah suya, gah da ki oda düşdülər.
Qoxudan bir damla düşdü bu yerə,
Adəm ondan çıxıb qalxdı göylərə.
Əksindən bu solğun bədən can buldu,
Nurundan süst canımız rəvan oldu.
Aləmdə xəlq ondan sərgərdan daim,
Avara öz xanimanından daim.
Biri çöküntüdən ağıla gəldi,
Biri saf rəngindən nağıla gəldi.
Biri yarım damladan oldu sadiq,
Birisi bircə camdan oldu aşiq.
Birinin başına çəkildi birdən,
Kuzə və meyxanə, saqi, mey içən.
Bütöv içsə də ağzı açıq qalar,
Rind dərya ürəkli, baş uca olar.
Varlığı biryolluq içib qurtardı,
İqrarla inkardan keçib qurtardı.
Azad oldu quru zöhddən, cəfəngdən,
Tutdu piri-xarabat ətəyindən.
Xarabata işarə
Özündən qurtuluş xarabatidir,
Özü üçün pərhiz, özü küfrdür.
Xarabatdan sənə nişan vermişlər,
Tovhid odur düşsün bu izafələr.
Xarabat misalsız bir dünyadandır,
Laübali aşiq məqamındandır.
Xarabat yuvadır bu can quşuna,
Xarabat dərgahdır o laməkana.
Xarabati xarab içrə dağılar,
Bu səhrada aləm bir ilğım olar.
Xarabatinin yox hüdudu, sonu,
Nə başı görünür, nə də ki sonu.
Əgər yüz il onu bir-bir axtarsan,
Nə özünü, nə kimsəni taparsan.
Bir dəstə orda baş-ayaqsız gedər,
Hamı nə mömindir, nə də ki kafər.
Özsüzlük şərabın başına çəkib,
Bütün xeyir ilə şəri tərk edib.
Hərəsi mey içib ağız-dodaqsız,
Xilas olubdu ad-sandan soraqsız.
Vəcd – coşqu macəra, hekayəti,
Nur, xəlvət xəyalı və kəraməti.
Çöküntünün qoxusundan yetişib,
Yoxluğun pak zövqündən sərməst düşüb.
Əsa, kuzə, təsbih, fırça və nələr,
Çöküntüdən hamısını pak edər.
Suyla gil içində yıxılar qalxar,
Yaş yerinə gözdən qanlar axıdar.
Bəzən sərxoşluqdan naz aləmində,
İgidlər tək sevinc, fərəh içində.
Gah qara üzlüdür divara doğru,
Gah qızarar üzü o dara doğru.
Bəzən bir vəcd ilə şövqi-canandan,
Çərxi-fələk kimi olur sərgərdan.
O mütribdən hər nəğmə ki, eşitdi,
O aləmdən ona bir vəcd yetişdi.
Can səması nə səs, nə də hərfdir,
Ki, hər pərdə əcəb sirlər gizlədir.
Köhnə libasını çıxarıb atmış,
Hər rəngdən, qoxudan mücərrəd olmuş.
Yuyub etmiş onunla saf hər şeyi,
Bütün qara rəngi, yaşılı, göyü.
Bir peymanə içmişdir o saf meydən,
O sufi saf olmuş hər bir vəsfdən.
Canlı zibil torpağını pak etmiş,
Gördüyündən yüzdə birin deməmiş.
Xumar rindlər ətəyindən tutmuşdur,
Şeyxlik, müridlikdən bizar olmuşdur.
Şeyxlik, müridlik – bu nə darlıqdır?
Nə təqva, nə zöhd, – riyakarlıqdır!
Əgər üzün dağa-daşa yön tutsa,
Sənə daha yaxşı – büt, zünnar, tərsa.
On beşinci sual: Büt, zünnar və tərsa rəmzləri
Büt, zünnar, tərsalıq bu yerdə nədir,
Tamam küfrdür, yoxsa söylə, bəs nədir?
Büt burda eşqin məzhəri, vəhdətdir,
Zünnar bağlamaqsa haqqa xidmətdir.
Küfrlə din varlıqla tapar dirlik,
Tovhid olar eyniylə bütpərəstlik.
Şeylər varlıq üçün məzhər sayılar,
O cümlədən biri axır büt olar.
Yaxşı fikir eylə, ey mərdi-aqil,
Büt varlıq üzündən deyildir batil.
Bil ki, uca Tanrı ona xaliqdir,
Yaxşıdan nə gəlsə yaxşı deməkdir.
Varlıq odur ki, ancaq o xeyirdir,
Əgər şər varsa, mənbəyi qeyridir.
Müsəlman bilsəydi əgər büt nədir,
Bilərdi ki, bu din bütpərəstlikdir.
Müşrik əgər agah olsaydı bütdən,
Öz dinində yolun azmazdı əslən.
O xəlqi bütdə gördü yalnız zahir,
Ondan oldu şəriətdə o kafir.
Sən onda görməsən gər haqqı pünhan,
Şəriətdə çağırmazlar müsəlman.
Məcazi islamdan olubdur bizar,
Kimdə həqiqi küfr olubsa aşkar.
Hər bədən içində bir can gizlənib,
Hər küfrün altında iman gizlənib.
Küfr daim haqqa dua eyləyir,
«Elə şey yox», nə etiraz söyləyir.
Nə deyim, düşmüşəm yoldanmı uzaq,
Allah deyib, qoy batsın onlar, burax.
Bütün üzün kimdir gözəl bəzəyən,
Kim bütpərəst olar, haqq istəmədən.
Həm etdi, həm dedi, həm də ki oldu,
Yaxşı etdi, dedi və yaxşı buldu.
Bir gör, bir de, bir bil, iştə bu yetər,
İmanın kök-budağı belə bitər.
Mən demirəm, bunu eşit Qurandan,
Fərq eyləməz xilqətində o Rəhman.
Zünnara işarə
Hər işin əsasın gördüm bu qərar,
Xidmət nişanıdır bağlamaq zünnar.
Bilik əhli etməz etimad, netsin
Hər şeyin bilməsə ilk vəziyyətin.
Mərdlər kimi bir bənd bağla ormana,
Əhdə sadiqlərin gəl sırasına.
Bu elm atı, bu ibadət çövqanı,
Səadət topun al dövr et meydanı.
Səni bu işə xatir yaratmışlar,
Yoxsa ki, xilqəti çox yaratmışlar.
Ata bir elm, ana isə əməllər,
Göz qırpımı kimi bütün bu hallar.
İnsan ola bilməz atasız, şəkk yox,
Məsih dünyada olmayıb birdən çox.
Vəcd ilə öyünmək cəfəngin burax,
Nur xəyalı, kəramətdən ol uzaq.
Sənin kəramətin haqqpərəstlikdir,
Qalan riya, qürur, qəribəlikdir.
Burda hər şey deyil təkcə fəqr üçün,
Hamı qaçır dərəcə və məkr üçün.
Şəhadətsiz, lənətlənmiş iblisdən
Min işlər törəyər, çıxar adətdən.
Gah divardan gələr, gah da ki damdan,
Gah qəlbdə oturar, gah da əndamdan
Səndə olan gizli halları bilir,
Sənə küfr, fisq, günah gətirir.
İblis imam oldu, sən də ardınca,
Lakin ona haçan çatarsan bunca.
Kəramətin özünü göstərməkdir,
Sən Fironsan, bu allahlıq deməkdir.
Kim Haqq ilə tanışdırsa, heç zaman
Özünü göstərmək baş verməz ondan.
Sənin üzün xalqa doğrudur, zinhar,
Özünü bu işə etmə giriftar.
Avamla otursan ruhun çevrilər,
Nə çevrilmək! Biryolluq əldən gedər.
Avamla eyləmə iş-güc sorağı,
Fitrətdən dönərsən üzü aşağı.
Tələf etdin boş yerə nazlı ömrün,
Demirsən nə oldu avazlı ömrün.
Cəmiyyətə təşviş saldı bu naqqal,
Eşşək başçı oldu, bəh-bəh, nə saqqal.
Sərvərlik gəlibdi indi cahilə,
Ona görə xalq düşübdü pis hala.
Təkgöz dəccalı gör ki, bax böyləcə,
Aləmə göndərib nümunə necə.
Yeni nümunə gör, ey mərdi-həssas,
Onun ulağının adıdır cəssas.
Ulaqları gör ki, ulaq hökmündə,
Cəhalətdən olmuş ulaq önündə.
Xacə axır zaman qissəsin dedi,
Neçə yerdə bu mənanı söylədi.
İndi gör ki, kor ilə kar çobandır,
Din elminin yeri o asimandır.
Arada qalmadı dostluq, mürüvvət,
Kimsə cahillikdən çəkmir xəcalət.
Bütün aləmin halı tərsinədir,
Əgər aqilsənsə, bax gör necədir.
Qovulmuş bir mə’lun, düşmən şəxs indi,
Atası yaxşıymış, olub şeyx indi.
Xızr öldürdüyü pis övlad idi,
Saleh imiş onun atası, cəddi.
Sən öz şeyxin ilə nə etdin, ey xər,
Eşşəkliyin yüz eşşəkdən də betər.
Yaxşı-pisi tanımayan bir nəfər,
Bəs sənin qəlbini necə pak edər?
Ataya bab əgər varsa nişanı,
Nur əla nur olar, nə deyim, tanı.
Oğul xoş düşüncə, xoş bəxt çağıdır,
Meyvə tək ağacın üz qaymağıdır.
Lakin nəsəb ilə din şeyxi hanı,
Bilməz yaxşı-pisi, pisi-yaxşını.
Müridlik din elmi öyrənmək demək,
Qəlb çırağın nurla yandırmaq demək.
Kimsə heç ölüdən elm öyrənibmi?
Sönmüş küllə çıraq heç yandırıbmı?
Qəlbimə ar gəlir bax belə işlər,
Belə zünnar vurum, bitsin təşvişlər.
O mənada yox ki, şöhrətsizəm mən,
Bəli vardır, lakin ar edirəm mən.
Bu işdə şərikim naqis, xəsisdir,
Şöhrətdənsə adsız-sansız gərəkdir.
Bir daha yetişdi ilham o haqqdan,
Hikmətə kəc baxma sən axmaqlıqdan.
Ölkədə olmasa süpürgəçilər,
Xalq hamısı tam təhlükəyə düşər.
Həmcinsliyin sonu ünsiyyət gələr,
Dünya belə qurulub, Allah bilər.
Sən gəl naəhl ilə söhbətdən çəkin,
İbadət istərsən adətdən çəkin.
Adət ibadətlə cəm gəlməz əslən,
İbadət edirsən, əl çək adətdən.
Tərsalığa işarə
Tərsalıq məqsədin təcriddən gördüm,
Xilas yolun təqlid bəndindən gördüm.
Pak müqəddəs vəhdət can məbədidir,
Yuvadır Simurğa, o, əbədidir.
Ruhulladan peyda oldu bu qərar,
Ki, ruhülqüdsdən o oldu aşkar.
Allahdan qarşında həm də bir can var,
Ruhulqüdsdən onda başqa nişan var.
Xilas olsan əgər nəfsi-nasutdan,
Sorağın gələr o uca lahutdan.
Kim mücərrəd oldu sanki bir mələk,
Ruhullah tək yeri dördüncü fələk.
Təmsil: İnsan nəfsinin ali mərtəbələrə yüksəlişi
Südəmər bir uşaq məhbus tək olar,
Ananın yanında beşikdə qalar.
Yetkinlik zamanı səfərə çıxar,
Mərd tək atasına o yoldaş olar.
Ünsürlər ana tək aşağı qalar,
Sən övladsan, ata yuxarı çıxar.
Yüksəliş gecəsi söylədi İsa,
Ata ahəngim var o yuxarıda.
Atan canı, ona doğru sən də get,
Yoldaşların tam getdilər, sən də get.
Quş kimi pərvaza gəlmək istəsən,
Bu dünya leşini quzğuna ver sən.
Bu qəddar dünyanı ver alçaqlara,
Yalnız itlər layiq olar murdara.
Nəsəb nədir, münasibət tələb et,
Haqqa üz çevirib tərki-nəsəb et.
Hər kim yoxluq dəryasında qərq olar,
Nəsəb unudular, qiyamət qopar.
Şəhvətdəndir hər bir nəsəb məsəli,
Yalnız təkəbbürdür onun hasili.
Şəhvət olmasaydı arada əgər,
Əfsanə olardı bütün nəsəblər.
Şəhvət bu arada onları buldu,
Biri ana, o biri ata oldu.
Demirəm ki, ata və ana kimdir,
Onlarla hörmətli yaşam gərəkdir.
Naqisin adını bacı qoyubdu,
Paxıla ləqəblə qardaş deyibdi.
Sən öz düşmənini övlad bilirsən,
Biganəyə yaxın qohum deyirsən.
Mənə de ki, xalayla əmi kimdir,
Dərd-qəmdən savayı ondan nə gəlir.
Təriqətdə sənə olanlar yoldaş,
Şuxluqda da belədir, ey arxadaş.
Cəddinin kuyində otursam bir an,
Sən özün görərsən, nə deyim ondan.
Hamısı əfsanə, əfsun və bənddir,
Xacə canı, bunlar hamı rişxənddir.
Mərdlər tək özünü mərdliklə qurtar,
Bir kəsin haqqını itirmə, zinhar.
Şəriətdə bir dəqiqə boş qalsan,
İki aləmdə dindən bekar olarsan.
Şəriət hüququn heç vermə əldən,
Lakin özünü də saxla könüldən.
Zərlə qadın qəm mayasıdır tamam,
İsa tək boşla onları, vəssəlam
Hənifi ol, hər bir məzhəbdən vaz keç,
Dində məbədə gəl, rahib tək yol seç.
Nə qədər nəzərdə əğyara yer var,
Məsciddə olsan da, sanki deyr olar.
Qeyrilik libası getsə qarşından,
Məscid sənin üçün deyr olar, inan.
Bilmirəm nə halda sən əgər olsan,
Nəfsə müxalif ol, ta qurtulasan.
Bütlə zünnar, tərsalıqla zəng nədir,
Namusu tərk etməyə işarədir.
İstəsən olasan bir bəndeyi-xas,
Hazırla özündə sidq ilə ixlas.
Get özünü götür özcə yolundan,
İmanını təptəzələ hər bir an.
Nəfsin batini mövcuddur kafirdə,
Razı olma islam qalsın zahirdə.
Yenidən imanı təzələ hər an,
Müsəlman ol, müsəlman ol, müsəlman.
Çox iman var ki, o küfrdən doğar,
Küfr deyil o da iman artırar.
Riya, şöhrət, namus – hamısın tulla,
Xirqəni ataraq bir zünnar bağla.
Bizim pir tək küfrdə sən gəl fərdə,
Əgər mərdsən, könül ver tək bir mərdə.
Mücərrəd ol hər təsdiqdən, inkardan,
Tərsazadəyə ver könlünü bir an.
Bütə işarə
Tərsabəçə o büt bir nurdur zahir,
Bütlərin üzündən edər təzahür.
O bütün qəlbləri tam əsir edər,
Gah müğənni, gah da saqi tək gələr.
Afərin mütribə, nəğməsi xoşdur,
Yüz zahidin xirməninə atəşdir.
Afərin saqiyə piyalə verər,
İki yüz yetmişi tam özsüz edər.
Xanəgaha gedər məsti-şəbanə,
Sufilərin halın eylər əfsanə.
Səhər çağı düşsə məsciddə işi,
Orda qoymaz ayıq bircə mərd kişi.
Mədrəsəyə gedib gizlin məst qalar,
Fəqih ondan olar biçarə, xumar.
Eşqindən zahidlər biçarə olmuş,
Öz xanimanından avarə olmuş.
Birin mömin, birisin kifir etdi,
Bütün aləmi şər ilə şur etdi.
Dodağından xarabat abad olmuş,
Üzündən məscidlər nur ilə dolmuş.
Bütün işim tənzimləndi onunla,
Kafir nəfsdən təmizləndim onunla.
Qəlbimdə yüz pərdə vardır elmdən,
Qürur, güman, təkəbbürlə hiylədən.98
Səhər çağı o büt gəldi qapımdan,
Ayıltdı məni qəflət yuxusundan.
Üzündən can xəlvəti oldu rövşən,
Onunla gördüm ki, özüm kiməm mən.
O gözəl üzünə baxanda birdən,
Bir ah qopdu canımdan və içimdən.
Mənə dedi ki, ey şəyyad, hiyləgər,
Ad-san, namus ilə ömrün tam bitər.
Gör ki, elm, qürur, zöhd ilə güman,
Səni xam saxlayıb hansı məqamdan.
Yarım saat salsan üzümə nəzər,
Min il ibadətə qiymətdə dəyər.
Aləmi bəzəyən üzü güzgüdür,
Məni mənlə tamam göstərdi bir-bir.
Xəcalətdən canım qaraldı tamam,
Ömür boşa getdi, puç oldu əyyam.
Gün kimi görünən o ay üzündən,
Ümidimi kəsdim öz canımdan mən.
Biri dolu peymanə verdi mənə,
O saf sudan bir atəş düşdü mənə.
Dedi: indi rəngsiz, qoxusuz meylə
Varlıq naxışların yuyub təmizlə.
Peymanəni bütöv içdim dəminə
Məstlikdən yıxıldım torpaq üstünə.
İndi ki, nə yoxam, nə də ki varam,
Nə huşyaram, nə məst, nə də xumaram.99
Gah gözü tək sərxoş və heyranam mən,
Bəzən saçı kimi pərişanam mən.
Gah öz xislətimdən kül içindəyəm,
Gah onun üzündən san gülşəndəyəm.
Xatimə
O gülşəndən dərib götürdüm bir az,
Qoydum onun adını «Gülşəni-raz».
Onda qəlb sirrindən açılıb güllər,
İndiyədək bunu deməyib bir ər.
Onun süsən dili tam söz deyəndir,
Nərgiz tək gözləri bütöv görəndir.
Qəlbin gözü ilə düşün birbəbir,
Qarşından şübhələr tamam çəkilir.
Gör əql ilə nəql və həqiqətlər,
Elmdə saflaşmış bu incəliklər.
İnkar gözlə baxma ona güman tək,
Güllər gözlərində olar tikan tək.
Nankorluqdur əslində tanımamaq,
Haqq tanımaq yəni haqqı tanımaq.
Məqsəd budur oxuyub yad eyləsin,
Ehtiramla mənə rəhmət söyləsin.
Adımla bitirdim sonun nəhayət,
İlahi! Mahmud olsun son aqibət.
https://www.azadliq.org/a/26529431.html