İKBALNAME’DEN ƏFLATUNUN RUZGARININ SONU

02.03.2017

 
İKBALNAME’DEN
 
ƏFLATUNUN RUZGARININ SONU
 
Müğənni bir şirin nəğmə söylə sən,
Bu ki, ilk ricamız deyildir səndən!
Sübh çağı dinləyib sənin səsini,
Unudaq dünyanın ah-naləsini!
Əflatun söylədi köçüb gedərkən:
"Olacaq hamıya torpaq son məskən.
Deyirlər: mən uzun ömür sürmüşəm.
Rumda ən yaşlı bir dünya görmüşəm.
Ölüm pərdəsinə mən yol tapanda
Başqa pərdələrdən döndüm cahanda.
Bir körpə uşağa bənzərəm mən də
Ki, qaçar beşiyə yuxu gələndə.
Vücudu yatmağa sövq edər onu,
Yuxu necə-gəlir, heç bilməz bunu.
Su ilə torpaqdan, od ilə yeldən.
Bu zidd ünsürlərdən əmələ gələn
Dünyada düzlükdən olarmı nişan,
Belə kəc bir yerdə qalarmı insan?
Bünövrəsi əyri qoyulan evin
Bir gün dörd divarı uçacaq, yəqin!
Yaşım yüz on üçü keçmişsə əgər,
Halım on yaşlı bir uşağa bənzər.
Qocayam, ancaq ki, o gənc yaşımda
Olan arzularım oynar başımda..."
Bu xoş arzulardan bir az keçəntək
Onun da fərşini yığdırdı fələk...
 
 
Tərcümə edəni: Mikayıl Rzaquluzadə,    NİZAMİ GƏNCƏVİİSKƏNDƏRNAMƏ, İqbalnamə , "LİDER NƏŞRİYYAT" BAKI - 2004
 
Bu əsər "Nizami Gəncəvi. İskəndərnamə " (Bakı, Yazıçı, 1982) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
 
https://www.azadliq.org/a/9500508.html
 

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar