İKBALNAME’DEN BƏLİNASIN RUZGARININ SONU

02.03.2017

 
İKBALNAME’DEN
 
 
BƏLİNASIN RUZGARININ SONU
 
Müğənni, bu köhnə pərdədə yekə
Hüzünlü, qəmli bir hava çal mənə!
Qəlbim də səs versin o nalələrə,
Şəbnəmtək göz yaşım çilənsin yerə!
Dövrü Bəlinasın axıra yetdi,
O da ariflərə belə ərz etdi:
"Vaxt çatıb, köçümü mən çatım gərək.
Başqa bir aləmi arzular ürək.
Bu palçıq daxmada yaşardım əvvəl,
Mən getdim, yerimdə qaldı bir heykəl.
Yeddi heykəlinə bu fələyin mən
 
Əsla baş əymərəm səmimi qəlbdən!
Mən göydən də uca bir hökmüdaram,
Istəsəm hər evə girib-çıxaram.
Budaqda gül olub açaram bəzən,
Istəsəm tovuztək uçaram bəzən.
Pəritək kimsəyə olmadan əyan,
Istəsəm uçaram hər yerə nihan.
Mənim uçuşlarım sığmaz zamana,
Öpərəm mən onu getsəm hər yana.
Istəsəm göyləri ayaqlaram mən,
Daşın içini də eylərəm məskən.
Səhralar, dənizlər qarşımı almaz,
Çöldə Xızr olaram, dənizdə İlyas.
Gəlib mənzilimə əgər baxsanız,
Hər şey yerindədir, mən yoxam yalnız.
Uçaram göylərə - o son məskənə,
Yerdə nə qalarsa dəxli yox mənə!..."
Bunları astaca tərənnüm etdi,
O da gedənlərin ardınca getdi.
Son qoydu dünyanın əzablarına,
Dostlarla bir ölmək xoşdur insana...
 
Tərcümə edəni: Mikayıl Rzaquluzadə,    NİZAMİ GƏNCƏVİİSKƏNDƏRNAMƏ, İqbalnamə , "LİDER NƏŞRİYYAT" BAKI - 2004
 
Bu əsər "Nizami Gəncəvi. İskəndərnamə " (Bakı, Yazıçı, 1982) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
 
https://www.azadliq.org/a/9500508.html
 

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar