İKBALNAME’DEN SEBEB-İ TELİF
KİTABIN YAZILMASININ SEBEBİ
Dolanıb döndükcə qoca ruzigar,
Özünə bir yeni müəllim arar.
Köhnə havaları dəyişər tamam,
O yeni nəğmələr bəstələr müdam.
Dövran oyunbaztək oynar bir müddət,
Çıxarar pərdədən bir təzə surət.
Edib füsunkarlıq bu surət ilə,
Xalqı əyləndirər bir zaman belə.
Onu da qocaldıb dövran itirər,
Səhnəyə yeni bir surət gətirər.
Təzə şairlər də təzə xətt ilə
Köhnə tarixləri təzələr belə.
Hər dövrün olar bir usta bağbanı,
Bəsləyib böyüdər körpə fidanı.
Bir gövhər hüsnünü itirsə əgər,
Daşdan baş qaldırar başqa bir gövhər.
Gəlinimdə olan şuxluq, təravət
Peykərşünaslara eylər kifayət
16.
Təzə olmasaydı bu əsər, yəqin
Təzə bir söz demək olardı çətin.
Bir harın at idim bir zaman mən də,
Zəhmətlə, zillətlə düşdüm kəməndə.
Hər bir xəzinədə var məndən nişan,
Ancaq, heyf olsun ki, deyiləm cavan!
Gənclik - təzə nallı, harın, köhlən at,
Qocaldın - nal qızır, düşür əldən at.
Kürədən çıxanda güzgü bərq vurar,
Fəqət sınan zaman zirehə yarar17.
Söz, sənət eşqilə çırpınan ürək
Alır sirdaş kimi ilhamdan kömək.
Düşüncəm beynimin qızıl qanından
Incitək incə söz alardı hər an.
Çünki gizlində bir ilhamçım vardı,
Mənimlə örtülü söz danışardı.
Susmuşdur sirdaşım xeyli zamandır,
Mən də söz tapmıram, halım yamandır.
Bir də ki, sözümü dinləyib duyan
Bizi tərk eləyib, gedib dünyadan.
Şah Arslan torpaqda, qəbirdə ikən,
Necə söz söyləyim, şer yazım mən?
Şah əgər lütf ilə etsə mərhəmət,
Yeni söz deməyə eylərəm cür ət.
Bu dar keçidlərdə dərd məni aldı,
Bədənim sustaldı, rəngim saraldı,
Yolumu tufantək tutdu fikirlər,
Gözümdə qalmadı yuxudan əsər.
Gecə, dar qəlblərdən qara bir gecə,
Yollar baş tükündən daha da incə!
Belə bir gecədə mümkünmü səfər?
Heç belə bir yolda quyu seçilər?
Zülmətə bürünmüş keşikçixana,
Həmlə eləmişdir fil pasibana18.
Bir ahu balası doğmuşdur çəmən,
Müşk-ənbər saçmada öz göbəyindən19.
Nə pərvanə şamdan uzaq dayanır,
Nə də ki, şam ondan uzaqda yanır.
Bir belə gecədə oturmuşam tək,
Kağızda yazılar qara gecətək.
Dürr üçün qəvvastək suya batırdım,
Gah seçib götürür, gah da atırdım...20
Gecədən bir qədər keçmiş olardı,
Hələ qaranlıqda, sübhə çox vardı,
Fələyin köhləni olub təngnəfəs
21,
Xoruzlar banlamır, gəlməyir bir səs.
Daxmada gecənin hörüklərindən
Yeddi rəng ipəklər toxuyuram mən22.
Bu lacivərd küpdən mən də İsatək
Iplər çıxarıram hər an rəngbərəng23.
Əvvəldən bəsləyib tərbiyə verən
Bir nəcib insandır məni yetirən:
Mötəbər bir şəxsdir o Xoylu Imad;
Qalxmaq istəyənə o edər imdad.
Səxası dünyanı salmış heyrətə,
Dürlə bəzək vurmuş o, səxavətə.
Bu qoca dünyada ona tay hanı
Ki, sözü, səxası tutsun cahanı?
Onda Müştərini görərək hər an,
Vurar üzüyünə Ütarid nişan24.
Əfsus ki, bəxtimin sərkəşliyindən,
Gizləyir bu dünya o zatı məndən.
Işlərim düyünlü, nəsibim dərd-qəm,
Nə yaxın bir dost var, nə də bir həmdəm.
Məgər neçə uşaq tutar bir mama?
Bir ağac nə qədər yetirər xurma25?
Yuxusuz, ac-susuz qalıb o gecə,
Bu mavi dəryada üzürdüm təkcə
Gecə gecə deyil, dibsiz bir quyu,
Ayı da, günü də udmuşdu suyu27.
Gecənin bağrını yarmışdı zülmət,
Kölgə eləyirdi işığa töhmət.
Atdığım kəməndlə, şahın bəxtindən.
Əmlik ceyranları ovlamışam mən28.
Əngin dənizlərə mən tor atmışam,
Bu torla növbənöv balıq tutmuşam29.
Xoş görüb bəxtini şahın rəsəddə,
Mən sözə başladım xoş bir saətdə.
Vuruşur önümdə Çin ilə Həbəş30,
Şaha edəcəyəm onları peşkəş.
O qorxunc gecədə süstləşərdim mən,
Tutmasaydı şahın bəxti əlimdən.
Çatdı mədəninə gövhər axtaran,
Könül azad oldu qəmdən, qubardan.
Qızıl çadırını günəş ucaltdı.
Ipləri dağların başına atdı.
Gecəki əzabı unutmaq üçün
Bir məclis bəzədim mən də həmin gün.
Ariflər bəyənən bir yer seçərək,
Orda bir taxt qurdum mən sultanlartək.
Yeni bir üsulla büsat quruldu,
Düşüncəm məclisə xidmətçi oldu.
Şərabım, reyhanım, məzəm, həmdəmim
Sözümdü, fikrimdi, qəlbimdi mənim
Qızışıb coşduqca beynim şərabdan.
Gəldi səxavətə söz də bu zaman31.
Ilham buludlarım çəkdi nərələr,
Gövhərşünaslara yağdırdı gövhər
32.
Iki şey cəsarət istər insandan:
Biri od, biri də yırtıcı aslan.
Sanki həmcins imiş odla aslan da,
Nə düşsə məhv edər bunlar bir anda.
Taleyim açıldı, oldum bəxtəvər,
Zöhrə dəf göndərdi, Müştəri dəftər
33.
Lütfdən gah bəzək yaradıram mən,
Gah hikmət saçıram söz xəzinəmdən.
Saçdığım gövhərlə bəzəndi cahan,
Çünki var şah kimi bir gövhər alan.
Yenidən mədənə mən əl uzatdım,
Gedib xəzinənin məğzinə çatdım34.
Heç yaxşı iş deyil yalan danışmaq,
Bu qızıl, bu da od, ərit, yoxla, bax!
Neçə vaxt ağ rəngə lacivərd qatdım,
Bitdi "Şərəfnamə", murada çatdım.
Coşdu Çin naxışlı şerim, sənətim,
Gör hara qalxacaq mənim şöhrətim!
Gör əvvəl nə əkdim, gör bitdi nələr,
Sınığı bu sayaq bitişdirərlər
35.
Neçə il olar ki, gövhər sevənlər
Axtarıb tapmayıb bir belə gövhər.
Axır ki, tapıldı bir gövhər satan,
Yaxşı mal alınar satıcısından.
Padişah əmr etdi: bəzənsin bir bağ,
Sərvlər çəmənə gətirsin növraq.
Qəlbi nurlu şahın şərəfinə mən
Güc alıb idrakın şəfəqlərindən,
Bir sərv bəzədim ki, məclis şad olsun,
Onun şərəfinə badələr dolsun.
Şer yox, mənasız nəzm yazanlar
Çətinlik çəkməzlər, onlara nə var?
Daşlardan cəvahir çıxaran ancaq
Bilir ki, çətindir gözəl söz tapmaq.
Bu incə xəyallar məni coşdurdu,
Könlümün atəşi beynimə vurdu.
Öz tüstüm başıma qalxdıqca mənim,
Quruyub qaxaca döndü bədənim.
Gəlincə bu gözəl gəlin hasilə
Məndə səbr gərək, şahda hövsələ.
Sözə bax, baş alıb hara ucalır,
Mən nələr deyirəm, o nələr çalır?
Bilmirəm bu qədər füsunkar sözlər
Babil quyusundan çıxır nə təhər?36
Zöhrəyə o "Zənd"i kimlər öyrətdi,
Oxuyub Harutu tamam bənd etdi?37
Sehirli nəğməmdən Zərdüşt xar oldu.
Söndü çox "Zənd"lərin alovu, odu38.
Dəryaya dürr saçsın qətrə buradan,
Qoy xurma daşısın Bəsrə buradan39.
Bu altıkünc tağda bir buludam mən,
Səpərəm hər yana su ciyərimdən40.
Bitkitək pay alır hamı suyumdan.
Yağışım sərvlər yetirir hər an41.
Kölgətək işıqdan kim çəksə zərər.
Əlbəttə, həmişə ondan çəkinər.
Çeşməmdən feyziyab olsa da çoxu,
Getmir gözlərinə həsəddən yuxu42.
Mənim meyxanamdan içərlər şərab43,
Mənim sözlərimdən bağlarlar kitab.
Bu feyzi onunçün qazandım ki, mən
Əsla su içmədim yad bir çeşmədən44.
Xəlvətdə poladdan sildim ki, pası,
Yaqut rəngi alsın onun aynası
45.
Silib bu aynanı parlatdım par-par,
Yerdən toz-torpağı külək aparar.
O Çin üzlü nigar, bilmirsən məgər
Rumun qalasını necə fəth edər?
Xəzinə kəşf etmək istəsə biri.
Gərək unutmasın çətinlikləri!
Xəzinə kəşf etmək istəsən əgər,
Hər bir çətinliyə tab et, sinə gər!
Məsəl var, deyərlər, eşit, qulaq as:
"Viranə ocaqdan heç tüstü çıxmaz!"
Yuxu var, əvvəlcə çox qorxunc olur,
Gün doğur, ürəyin fərəhlə dolur.
Qəlbə qorxu salan çox şeylər üçün
İnsan şükr eləyir axırda bir gün.
Nə çoxdur şairlik iddia edən, -
Qorxuram meydanda qan tökülməkdən.
Yayın ortasında çox yağsa yağış,
Elə soyuq düşər, sanki dönüb qış.
Havaya yağışdan nəm çöksə əgər,
Günəş o çirkləri silib məhv edər.
Payız yetişdikdə, bilir ki, hər kəs,
Daha lətif külək, incə meh əsməz.
Artıq rütubətdən törəyər vəba,
Tənəffüs çətindir belə havada.
Bundan qurtarmaqçün qalayarlar od,
Tökərlər bu oda səndəl, gül və ud.
Təbimlə şaha ud yandıraram mən,
Daha başqa bir iş gəlməz əlimdən.
Allah məni ona bəndə xəlq etmiş.
Itaətdən başqa bilmərəm bir iş.
Dünyagörmüş adam, - yaxşı ya yaman,-
Şikayət eyləməz öz ruzgarından.
Bu dünya heç kəslə deyil həmavaz,
Sazəndələr kimi bir hava çalmaz
O, sazda görərsə ipək bir teli,
Qırıb atmaq üçün uzanar əli.
Ipək yetirməkdə iki cür qurd var,
Ziddir odla sutək həmişə onlar.
Biri baramanı toxuyur bir-bir,
O biri karvanla ipək məhv edir.
Pətəkdə iki cür arı var müdam,
Necə ki, aldadar pərvanəni şam,-
Biri yem daşıyar hey axşam-səhər,
O biri gizlincə o yemdən yeyər.
Bal verən arının bircəsi, yəqin,
Yüzündən yaxşıdır bal yeyənlərin.
Hələ can almamış əcəl, turactək:
"Dad, məni tutdular!" - çığırıb dad çək46.
Tamahkar dünyadan nə ummaq olar.
Ya səni yandırar, ya da çiy saxlar,
Qaynayıb coşarsan, yanarsan dərddən,
Qaynayıb coşmasan, çiy qalarsan sən.
Fələk - yeddibaşlı qorxunc əjdaha,
Bircə zərbə vursa, məhv oldun daha47.
Xəlbirə bənzəyən teştdir asiman,
Sən bir xəlbir torpaq, o da bir teşt qan48.
O, teştdən su töksə başına nahaq,
Sən ələ xəlbirtək üstünə torpaq.
Torpaq da, çeşmə də olan bir yerdə
Lazımdır, əlbət ki, teşt də, xəlbir də.
Bu göy rəngli küpün çox hiyləsi var,
Içindən görərsən yüz cür rəng çıxar49.
Küpə bir cadugər minər, deyərlər,
Bu küpə minmişdir yüz min cadugər
50.
Fələk hesabını gəl etmə nahaq,
Alçağı yüksəkdir, yüksəyi alçaq.
O gah altda olur, gah üstdə olur,
Ona alt-üst demək daha doğrudur.
Əbəsdir fələklə bəhsə girişmək,
Heç kəslə həmahəng olmayıb fələk.
Atdığı hər addım fənddir, kələkdir,
Işləri büsbütün oyundur, rəngdir!
Birini göylərə ucaldır bəzən,
Bəzən də qul edir onu görürsən.
Tülkütək geydirər qırmızı papaq,
Sonra qara itə yedirdər ancaq.
Nədir dörd yol üstə məskən düzəltmək?52
Nədir qarın güdmək dördayaqlıtək?
Dörd balış qeydindən qurtaranda biz,
Asudə yatarıq səssiz-səmirsiz53.
Yolüstü mənzildir bu köhnə torpaq,
Ikicə qapısı var onun ancaq:
Giriş qapısından girərsə hər kəs.
Çıxış qapısından çıxmaya bilməz.
Bədbəxtdir bu dərin quyuda qalan,
Qar kimi düşərək donub buz olan.
Xoşbəxtdir şimşəktək yalnız bir anda
Parlayıb sönənlər fani cahanda.
Nə lazım dünyada fərsiz bir şamtək
Gecələr uzunu can verib sönmək?
Etibar etməyən öz gəmisinə
Gərək əvvəlcədən üzmək öyrənə.
Tələsən adama köhlən at gərək,
Yabıyla nə qədər o yol gedəcək?
Hiylədən pozulub, korlanıb dünya,
Nə qəlbdə qan qoymuş, nə üzdə həya.
Fələk o fələkdir: dağ çəkib hədər,
Bizi gah saraldar, gah da göyərdər.
Hər pərdədə yalnız o adam çalar
Ki, ola pərdədən yaxşı xəbərdar54.
Düz yolu yaxşı bir rəhbər göstərər,
Mən yola çıxıram, bəs hanı rəhbər?
Elə bir pis vaxtda gələcək ölüm
Ki, bezmiş olacaq dünyadan könlüm.
Qəflət qoşun çəkib gələcək birdən,
Yatağa baş qoyub yatacağam mən.
Xəyal dünyasına edib tamaşa
Ömrü yuxu kimi vururam başa.
Belə qol-qanadla olarmı uçmaq?
Hara çatdıracaq belə əl-ayaq?
Belə dörd müxalif yol a ayrıcından
Çıxmaram, ya qoca olum, ya cavan55.
Qocalıq ədası göstərsəm əgər,
Məndən bu cavanlar üz döndərərlər.
Cavanlıq eləsəm bu bədənlə mən
Gərək başqasından borc alam bədən.
Yaxşısı budur ki, olam hər zaman
Qoca ilə qoca, cavanla cavan.
Açam bu düyünü bəlkə birtəhər,
Məndən dost-aşnalar inciməyələr.
Tərcümə edəni: Mikayıl Rzaquluzadə, NİZAMİ GƏNCƏVİİSKƏNDƏRNAMƏ, İqbalnamə , "LİDER NƏŞRİYYAT" BAKI - 2004
Bu əsər "Nizami Gəncəvi. İskəndərnamə " (Bakı, Yazıçı, 1982) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
https://www.azadliq.org/a/9500508.html