İLK TƏSLİM

02.03.2017

İLK TƏSLİM
 
Azacıq keçmədən sular qaraldı,
Sahildə bir dərin səssizlik vardı.
O taydan bu taya işıqlar gəlir.
Tüstülər burulub göyə yüksəlir
Gəray bəy gözünü zilləyib ona,
Varlığı daş kimi qalmışdır dona...
Üçüncü gündür ki, qolunda yara
Karıxıb, vurnuxur dord bir diyara.
Gurultu qopduqca ac mədəsindən,
Diksinir, suların oynaq səsindən.
Nələr keçdiyini o duya-duya,
Özünü tullamaq istərkən suya,
Qalıb pəncəsində namusla arın,
At kimi sıçrayan ağ dalğaların
Qoynuna gözləri dikilib qalır,
Qəlbində həsrəti, kini çoxalır...
Sonra gozlərinə görünür birdən
 
Sahilə göz çəkən gəmiçi Bəhmən.
- Sənmisən, ay Bəhmən?
- Kimdir soruşan?
- Mənəm, bir bari gəl, söyləyir Gəray.
- Bu ki, tanış səsdir, - deyərkən Bəhmən
Fırlanıb geriyə, yönəlir həmən:
- Vay, səni xoş gördük, haradan belə?
Bu namərd vətənə... Bu namərd elə
Yenəmi üz qoyub, salam verirsən?
- Haqlısan, ay Bəhmən, sözlərində sən
Fəqət nə etmək ki, belədir insan,
Əziz dostlarına küsər bir zaman,
Sonradan qövr eylər əski yaralar...
- Yoxsa, bu gəlməkdə bir fikrinmi var?
- Onsuz olurmu heç... Vardır, şübhəsiz...
Bu el, bu güzəran, bu mən, bu da siz,
Gəlin köməkləşək görək nə olur?
Axtaran dünyada hər haqqı bulur -
Demişlər babalar,
- Bu doğru, lakin
Bir az hövsələniz olmasa sakin
Yenə də günahsız qanlar axacaq,
Burax bur tərsliyi, gəl Allaha bax! –
Gözaltı süzərək qoca Bəhməni:
- Sonra danışarıq... Hələlik məni,
Duz-çörok eşqinə keçir sahilə! -
Deyib, gəmiçini tutaraq dilə...
- Keçərsən!.. - deyərək qışqırdı birdən
Dünəndən Gorayın izilə gələn.
Komsomol Bəxtiyar, yanında Cəlal,
- Olsun inqilaba qanımız halal -
Deyib vermişdilər yenə baş-başa...
Gəray öz yerində dönmüşdü daşa.
İstədi əlini atsın naqana,
Gördü ki, naqanı batmışdır qana.
Hirsindən bozarıb gözləri doldu,
Ömründə ilk dəfə o təslim oldu
 
 
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ,  BEŞ CİLDDƏ  III. CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 Milli Kitabxana

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar