İSKENDERNAME’DEN GİRİŞ

01.03.2017

İSKENDERNAME’DEN
 
GİRİŞ
 
 
Harda ki, ağıl bir xəzinə tapar,
Allahın adını eyləyər açar.
Allah ağıllıya nəvazişkardır,
Ağılsızlara da əlacı vardır.
O, sözün sirrini əyan eyləyər,
O verər zəlilə, acizə hünər.
Zahirdən, batindən aşikar, nihan,
Əqlə yol göstərən odur hər zaman.
O, bu imarətin səqfini tikmiş,
O, bu karxananın nəqşini çəkmiş.
Qəlbə də xoş gəlir ondakı qüdrət,
Əqlə də vacibdir ona itaət.
Bütün varlıqların fövqündə durur,
Varlığı hər şeyi yaradıb qurur.
Hikməti gizlindir, hökmü aşikar,
Onun tərifinə dil aciz qalar.
Əsli pak, zatı pak, təkdir vücudu,
Nə oddur, nə torpaq, nə yel, nə də su.
Varlıqlar hamısı onun möhtacı,
Onunsa heç kəsə yox ehtiyacı.
Yeddi qat içində nə var binadan,
Min alqış ona ki, odur yaradan1
.
Ona qovuşmağa yol yoxdur fəqət,
Əqlə, düşüncəyə sığmaz bu hikmət.
Desək ki, göydədir o pərvərdigar,
Ona təzim edən yer tənha qalar.
Yox, əgər yerdədir, söyləsək, allah,
Şənini alçaltmaq olmazmı günah?!
Məbudun zatından danışan zaman
Axtarma nə göydə, nə yerdə məkan.
Əgər qüdrətindən deyib-danışsaq,
Hökmünə tabedir bu göy, bu torpaq.
Hər bir kərəminə, qəzəbinə sən
Naşükür olmayıb, baş əyməlisən.
Birinin könlündə yandırar çıraq,
Birinin könlünə çəkər dərdlə dağ.
Birinə saraylar verər fələkdən,
Birini quyuya salar yüksəkdən,
Birdir hüzurunda onun çox, ya az,
Böyüyü, kiçiyi əsla ayırmaz.
Onun qarşısında çöp kimidir dağ,
Hökmünə bağlıdır ölmək, yaşamaq,
Heç bir kəs torpağa dil verə bilməz,
Nəqş vura bilməz suya da heç kəs
Təkcə o yaradar torpaqdan insan,
Tək odur suya da naxışlar vuran.
Azanın yoluna nur saçan odur,
Bağlı qapıları ilk açan odur.
Sakin, mütəhərrik, - nə var dünyada;
Varlığı bağlıdır o böyük ada.
Hökmüylə yaranmış bütün kainat,
Bütün canlılara o verir həyat.
Ondan ad almışdır bu varlıq tamam,
O, tamdır, qalanlar nə var - natamam.
 
Tərcümə edəni: Mikayıl Rzaquluzadə,  NİZAMİ GƏNCƏVİ İSKƏNDƏRNAMƏ İqbalnamə "LİDER NƏŞRİYYAT" BAKI - 2004
 
Bu əsər "Nizami Gəncəvi. İskəndərnamə " (Bakı, Yazıçı, 1982) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
 
https://www.azadliq.org/a/9500508.html

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar