İSKENDERNAME’DEN MÜNACAT

01.03.2017

 
İSKENDERNAME’DEN
MÜNACAT
 
Bəndəyə əl tutan sənsən, ilahi,
Yoxdur səndən başqa onun pənahı.
Olmuş-olacağı sənsən yaradan,
Sənin kərəminə möhtacdır insan.
Lütf elə, əlini mənə də uzat,
Mənə öz qovğamdan özün ver nicat.
Sənsən, pərvərdigar, hər bir muradım,
Səndən hasil olar hər bir muradım.
Mərhəmət görərsə səndən bir insan.
Nə göydən qorxar o, nə də ulduzdan.
Sən varkən ehtiyac yoxdur göylərə.
Asiman var ikən kim baxar yerə.
Varkən bu dünyada hər cürə büsat,
Behiştdə nə üçün axtaraq həyat?
Inanma ki. cənnət burdan şən olsun,
Deyirsən yaxşıdır, sən deyən olsun.
Bizə də behiştdə bir yer ayır sən,
Sil pis naxışları düşüncəmizdən.
Biz öz çarəmizi bilmirik əsla.
Hansı yol yaxşıdır apar o yola.
Səni ümid ilə hey axtarmaqda
Kimisi qarada, kimisi ağda3
.
Bir meyvə dərməkçin sənin bağından,
Hərə bir qapıda eyləyir fəğan.
Məndə cəsarət yox sənə söz deyim,
- Onu ver,- deyərək bir şey istəyim.
Diləyim yerinə yetsə hər kəsdən.
Görürəm o deyil, sənsən lütf edən.
Sənin mövcudata yox ehtiyacın,
Onların hamısı sənin möhtacın.
Sən ki, dostluq ilə çıxdın qarşıma,
Biganəlik külü tökmə başıma.
Feyzindən işıq ver gözlərimə sən,
Qoy olum asudə özgə gözlərdən. .
Pərvanə olmuşam şəbçırağına.
Bir quşam, qonmuşam sənin bağına.
Bu kiçik bəndəni salma gözündən.
Böyüksən, kömək et böyüklüklə sən.
Mən nəyəm, bir zərrə - gözlə görünməz,
Səndən nur almışdır o zərrə - sönməz.
Sənin qüdrətinlə aşkar olmuşam,
Hər bir xəzinəyə açar olmuşam.
Köhnə hekayəti çatdırdım sona,
Başlasın təzə söz indi cövlana4
.
Saldın ilk sözümü sən dildən-dilə,
Bu son addımı da yetir mənzilə
5
.
Ziya saç, qoy qəlbim işıqla dolsun,
Incə mətləblərə o, güzgü olsun.
Bu çətin yollarda budur məqsədim:
Sənin bəyəndiyin bir yolla gedim.
Elə kömək et ki, işlərimə sən.
Özün şad olasan dediklərimdən.
Mən öz xoşum ilə gəlim önünə,
Itaət eyləyim peyğəmbərinə
 
Tərcümə edəni: Mikayıl Rzaquluzadə,  NİZAMİ GƏNCƏVİ İSKƏNDƏRNAMƏ İqbalnamə "LİDER NƏŞRİYYAT" BAKI - 2004
 
Bu əsər "Nizami Gəncəvi. İskəndərnamə " (Bakı, Yazıçı, 1982) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
 
https://www.azadliq.org/a/9500508.html
 
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar