İSKENDERNAME İSKƏNDƏRİN BAŞQIRXAN QUL İLƏ ƏHVALATI

01.03.2017

İSKENDERNAME

 

İSKƏNDƏRİN BAŞQIRXAN

QUL İLƏ ƏHVALATI

 

Ey müğənni, çal bir könül nəğməsi,

Titrətsin göyləri ərğənun səsi.

Elə bir hava ki, ürəyi açsın,

Qaranlıq gecəyə şəfəqlər saçsın!

Gözəl söz nəqqaşı məharət ilə

İskəndər adını nəqş etmiş belə:

"İki qərn sahibi" qoymuş namını,

Çünki Şərqdən, Qərbdən almış kamını

83.

Deyirlər ki, qoşa hörüyü varmış,

Onu kürəyinə daim atarmış

84.

Deyirlər, görübmüş bir belə röya,

Gündən iki qərni alıbmış guya85.

Başqa rəvayətdə deyirlər yenə:

İskəndər yaşamış iki qərinə

86.

Dünya filosofu Əbu Məşər də

"Üluf" ad qoyduğu məşhur əsərdə

Yazır ki: "İskəndər öldüyü zaman.

Bu böyük itkidən çox qəmgin olan

Yunanlar onu çox sevdiklərindən,

Çəkdilər kağıza şəklini həmən.

Onun surətini nəqş edən rəssam

Şəkli layiqiylə eyləyib tamam,

Çəkibmiş yanında bir cüt də heykəl.

Sağ yanda bir gözəl, solda bir gözəl.

Heykəlin başında bir cüt də qəşəng

Buynuzlar çəkibmiş rəssam rəngbərəng.

Bunları görərək bir heyətşünas,

Bir cüt mələk ilə edibmiş qiyas.

Vücud xəlq edəndə çünki allah da

Mələklər oturdar iki yanında.

Ay üzlü İskəndər gözəlmiş əslən,

Daha gözəlləşmiş bu şəkillərdən.

Paylanmış bu şəkil bütün ellərə,

Onun şöhrətini yaymış hər yerə.

Bu şəkli seyr edən hər el, hər diyar

Rumlu ustadları alqışlamışlar.

Ərəblər bu şəkli seyr eləyərkən

Dəyişik salmışlar onları səhvən.

İskəndər bilmişlər o gündən bəri

Buynuzlu çəkilmiş məlakələri.

Odur ki, şübhəyə düşmüş ərəblər,

"Zülqərneyn" ləqəbi almış İskəndər"87.

Başqa bir bilici deyir ki, onun

Qulaqları varmış həddindən uzun.

Dürdən taca bənzər qınları varmış.

İki qulağına o qın taxarmış

88.

Onları xəzinə kimi güdərək,

Möhkəm gizlədərmiş bir xəzinətək.

Başını qırxan bir qulundan qeyri

Kimsənin bu sirdən yoxmuş xəbəri.

Ancaq ki, həmin qul öldüyü zaman

İskəndər tapdı bir özgə başqırxan.

Şahın hüzurunda təzim edərək,

Başladı saçını qırxmağa dəllək.

Xəlvətdə saçını qırxıb qurtarcaq,

Şah ona yavaşdan dedi: "Bura bax.

Bilsəm, qulaqların sirrini əgər

Eşidib dünyada səndən bir nəfər,

Bir qulaqburması gələrəm sənə,

Daha sirr açmazsan bir özgəsinə".

Bunu qulağında o sırğa etdi,

Yaxın dostlardan da sirri gizlətdi.

Bu sözü kimsəyə əsla açmadan,

Saxladı küfrtək könlündə pünhan.

Bu sirrin dərdindən saraldı ancaq,

Çünki çox çətindir sirri saxlamaq.

Bir gün bərk darıxdı, çölə üz qoydu,

Gördü ki, çöldə var dərin bir quyu.

Dərdini quyuya eylədi izhar:

"İskəndərin uzun qulaqları var!"

Qəlbinin o yanar atəşi söndü,

Ürəyi dincəldi, evinə döndü.

Yenə də sirrini saxladı möhkəm,

Ağzının möhrünü açmadı bir dəm.

Bu işdən keçmədi o qədər zaman,

Bir qamış göyərdi həmin quyudan.

Bu qamış böyüdü, xeyli boy atdı,

Əlini o gizlin sirrə uzatdı.

Bir gün də bir çoban ordan keçəndə,

Gördü o qamışı quyu içində.

Əyilib qamışı kəsərək çoban,

Doğrayıb bir tütək qayırdı ondan.

Qəm-qüssə bilmədən onu çalırdı,

Tütəyi çaldıqca ləzzət alırdı.

Bir gün o səhraya çıxdı padişah,

Uzaqda bir çoban göründü nagah,

Çobanın çaldığı neyi eşitdi,

Çölləri üstünə qalxmış zənn etdi.

Çünki neyin səsi deyirdi aşkar:

 

Tərcümə edəni: Mikayıl Rzaquluzadə, NİZAMİ GƏNCƏVİ İSKƏNDƏRNAMƏ İqbalnamə "LİDER NƏŞRİYYAT" BAKI - 2004

 

Bu əsər "Nizami Gəncəvi. İskəndərnamə " (Bakı, Yazıçı, 1982) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır

 

https://www.azadliq.org/a/9500508.html

 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar