İSKENDERNAME PADŞAHIN TƏRİFİ

01.03.2017

 
 
İSKENDERNAME
 
 
PADŞAHIN TƏRİFİ
 
Deyirlər: göylərdə bir ağ xoruz var,
O, ərşin altında tutubdur qərar.
Deyirlər: o xoruz banlar hər səhər,
Yerdəki xoruzlar ona səs verər
61.
Bilin ki, göylərin o quşu mənəm,
Hər səhər oyadar quşları nəğməm.
Şəhərin quşları ötər hər səhər,
"Dünyanı dindirən odur" deyərlər.
Nizami, durma, gəl, xəzinəni aç,
Bəsdir bu Gəncədə qalıbsan möhtac.
Bir ov vurubsansa, çıxar meydana62,
Bir xəzinən varsa, göstər cahana!
Belə xəzinəni bəxt verər ancaq,
Xəzinən dünyanı nurlandıracaq.
Vurubsan qızıla şah sikkəsini63,
Xütbə de, vüqarla ucalt səsini.
O, elə şahdır ki, dövründə nə var,
Onun şöhrətiylə edər iftixar.
Ucadır, igiddir hər hökmdardan
Məlik Nüsrətəddin, o şanlı sultan.
Zəkada o, Mosul hökmranıdır,
Mərdlikdə şahların Qədərxanıdır.
Şövkətdə, zəkada Mahmud kimidir,
Polad yumşaltmaqda Davud kimidir.
Almış fərmanını Mahmudilərdən,
Həsəbi, nəsəbi Davudilərdən64.
Meyvəli bahardır, sinəsində gül.
Söz qoşur şəninə qumru və bülbül.
Məclislər içində təzə bahartək
Dürr, dirhəm paylayar o, ətək-ətək.
Tünd şərab qədəhə tökülsə əgər,
Ləl lacivərdə şəbxun eyləyər
65.
Suya qılınc vurub, od saçan zaman
Buludlar günəşi qoruyar ondan.
Tərlanı ov üçün qalxarsa, yəqin
Tərlanı dad çəkər göydə fələyin.
Fəzada uçarsa əgər üqabı
66,
Ya Ayı ovlayar, ya afitabı.
Hanı bu dövranda elə bir insan,
Oğurlaya bilsin bir sifət ondan?
Ayın şüasını ip bilən naşı
Oğrunun, əlbət ki, əzilər başı.
Göl ilə sərabı tanımayanlar
Yolda susuzluqdan taqətsiz qalar.
Ayı göydə fətir eyləyib güman
Çoxları quyuya düşüblər, inan67.
Mələyə bənzəyər divlər kənardan,
Div zülmətdən törər, mələksə nurdan68.
Allahtanıyandır bizim hökmdar,
Mehr, vəfa ilə dolu qəlbi var.
Tək məni salmayıb müşkülə bu iş,
Kim ona layiqli mədhiyyə demiş?
Neçün Bişgin demiş ona bu dövran?
O ki mehribandır bütün şahlardan.
Bişgin kəlməsini dürüst yazsalar,
Ona layiq bir ad Keypişin olar69.
Keypişin desələr, layiqdir, əlbət,
Həm Key nişanlıdır, həm Keyxasiyyət.
O, abad eləmiş dünya yurdunu,
Xeyrini görənlər bilirlər bunu.
Qopdu bir zəlzələ, göyü oynatdı,
Şəhərlər dağılıb yerlərə batdı
70.
Dağ-daş sarsılaraq, qopub uçanda
Fələk toz altında qaldı bir anda.
Ruzgarın etdiyi oyunbazlıqdan
Sanki alt-üst oldu torpaq, asiman. .
Surun gur səsindən balıq qorxaraq
Atıldı öküzdən bir xeyli uzaq71.
Fələk zəncirinin həlqələritək
Yerin də bəndləri ayrıldı tək-tək.
Azdı yollarını gur axan sular.
Dağlar çarpışmaqdan bitab oldular.
Yusiflər gözünə sanki batdı mil,
Sanki aşıb-daşıb Misri basdı Nil72.
Heç bir göz salamat qalmadı, inan,
Matəm sürməsinə qərq oldu cahan.
Nə qədər xəzinə batdı o gecə,
O şənbə gecəsi yox oldu Gəncə.
Hamı: kişi, qadın, qoca ya cavan
Qopardı dəhşətli fəryadla fəğan.
Bircə sap gövhəri sağ gördü səhər,
O düzdü yenidən saplara gövhər
73.
Bu gövhər kanının baxtı yar oldu,
O bəla ölkədən tez kənar oldu.
Az zaman içində bu viran ölkə
Keçdi abadlıqda Rumu da bəlkə.
Baxmayın zəlzələ qoparıb tufan,
Ölkəni bir anda elədi viran,-
Görün ki, nə sayaq qadir hökmüdar
Pozulmuş cəlalı etdi bərqərar!
Palçıq barıları tamam sökdürdü,
Yerində qızıldan divar hördürdü.
Xəzinə sərf edib, verdi təmtəraq,
Səyilə ölkədən dərd oldu uzaq.
Bağçalar salındı, evlər dikəldi,
Hər evdən yüz çıraq işığı gəldi.
O ki, bu torpağı eylədi abad,
Dərgahı heç zaman olmasın bərbad.
 
Tərcümə edəni: Mikayıl Rzaquluzadə,  NİZAMİ GƏNCƏVİ İSKƏNDƏRNAMƏ İqbalnamə "LİDER NƏŞRİYYAT" BAKI - 2004
 
Bu əsər "Nizami Gəncəvi. İskəndərnamə " (Bakı, Yazıçı, 1982) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
 
https://www.azadliq.org/a/9500508.html

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar