İSKENDERNAME TƏZİM XİTABƏSİ

01.03.2017

 
 
İSKENDERNAME
 
 
TƏZİM XİTABƏSİ
 
Nə gözəl günəşsən, ta uzaqlardan
Edirsən bizimçin hər şeyi əyan.
Işıq cinsindəndir hərçənd ki, çıraq,
Işıqsız çıraq da görünməz ancaq.
Əsil tacidarlıq, düşün, yaxşı bil,
Yüzlərcə tac yığıb saxlamaq deyil.
Hökmüdar odur ki, hər başa müdam
Mərhəmət göstərib, tac edə ənam.
İnsanı azdıran xəyalları sən
Başlardan qılıncla rədd eləmisən.
Ucalsa bir şahın fikri, bayrağı,
Şad olar ordusu, yurdu, torpağı.
Sənin bayrağına bəzəkdir zəfər,
Gücünlə yox oldu dərdlər, sitəmlər.
Kəyanlar köçüblər indi dünyadan,
Yerləri boş deyil, sənsən hökmüran.
Ölkədə bu xalqa rəhbər oldun sən,
Fitrətin gözəldir sənin əzəldən.
Indi bu dünyada sənsən tacidar,
Əlinlə tac qoyar başına şahlar.
Çatmaz ədalətdə sənə Pişdad,
Keyxosrov, Keykavus, nə də Keyqubad!
Yeddi firuzəli bu qəsrdə sən
Haqqa, ədalətə vüsət vermisən74.
Bir qədəh mey verir sənə Nizami,
Gərək nuş edəsən Keykavus kimi.
Bu tusi qədəhlə Mahmuda bildir
"Şahnamə"nin qədri-qiyməti nədir!75
İki xəzinənin varisi, hökmən,
Səxavətdə sənsən, söz deməkdə mən76.
Borc əgər vaxtında ödənilməsə,
Qaydadır: varisdən çatar varisə
77.
Mən elə söz dedim - deməmiş heç kəs,
Bir iş gör - olmasın ona heç əvəz.
Mənə əqlim çatıb bu işdə dada,
Müvəffəq olasan sən oxumaqda.
yar etsək bu iki gözəl niyyəti,
Birə on artacaq sözün qiyməti!
Bağımda reyhandır mənim bu əsər,
Sənin eyvanını qəndiltək bəzər.
Məclis qur, bu meylə doldur kasanı,
Şöləsi, nəşəsi durultsun qanı.
Sən mey iç, gətirmə heç bir bəhanə,
Ağzım möhürlüdür üz vurma mənə.
Damağın çağ olsun, bəxtin də cavan,
Cahanda olasan Cahan pəhləvan.
Bu dünya, bu dövran sənə yar olsun,
Ruzgarın həmişə xoş ruzgar olsun!
Göylər ülviyyətdən düşməz heç zaman,
Sən də göylər kimi uca olasan.
Qılıncın kəskindir gün şöləsindən,
Göyü də yer kimi sən ram edibsən.
Parlaq qılıncından məhv olsun yağı,
Səndən qüdrət alsın Kəyan bayrağı.
Böyük bir iş üçün, bil, ey hökmüdar,
Göndərdim, doğrudur, mən bir yadigar,
Sən özün əbədi bir yadigar qal,
Dediyim bu sözü daim yada sal!
 
Tərcümə edəni: Mikayıl Rzaquluzadə,  NİZAMİ GƏNCƏVİ İSKƏNDƏRNAMƏ İqbalnamə "LİDER NƏŞRİYYAT" BAKI - 2004
 
Bu əsər "Nizami Gəncəvi. İskəndərnamə " (Bakı, Yazıçı, 1982) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
 
https://www.azadliq.org/a/9500508.html

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar