KOMSOMOL POEMASI QIŞ GECƏSİ

02.03.2017
 
KOMSOMOL POEMASI
 
QIŞ GECƏSİ
 
Ayazlı, şaxtalı bir qış axşamı
Yeddi yoldaş olub yola düzəldik,
Qarlarla örtülü bir düzə gəldik;
Ayazlı, şaxtalı o qış axşamı,
O, ay dediyimiz göylərin şamı
O qarlı düzlərə baxıb yanırdı,
Yolçular getdikcə yol uzanırdi...
* **
Bəxtiyar qabaqda quş kimi səkir,
Murad bir tərəfdə papiros çəkir,
Cəlal da zil səslə deyir bayatı,
Tutub qışqırığı bütün elatı.
Gecənin qoynunda bir zümzümə var,
Ən arxadan gələn xəstə Şahsuvar
Tövşüyə-tövşüyə durub bağırır,
- Bir dayanın! - deyib bizi çağırır.
Qüvvəsi qalmamış artıq yeriyə,
Tələsik fırlanıb döndük geriyə,
Aldıq ortalığa Şahsuvarı biz,
Zəif qollarından tutub ikimiz:
- "Aya, yorulmusan, gəl otur!" - dedi
Ancaq o yenə də dayanmış dimdik
sanki bir taxta, -
İşləmiş qanına bu quduz şaxta.
Qalın dodaqları gömgöy kəsilir,
Canından istilik uçub əskilir.
Taqəti yoxdur ki, bir söz söyləsin,
Təbibsiz, davasız xəstə neyləsin?
Buludlar oynadı, gecə qaraldı,
Gecənin gizli bir həsrəti vardı...
 
Gəzdi qaranlığı barmaqlarımız,
Sadə biyanlardan döşürüb dərdik;
Qarların üstündə tonqal qalayıb,
Xstəni tonqalın yanına sərdik.
Canına keçdikcə odun istisi
Qolları tərpənir, qımıldanırdı,
Bu sadə tonqalın yaşıl tüstüsü
Gecənin qoynunda dumanlanırdı...
Uzaqdan birisi - ruzgar qanadlı,
Gəlir baş götürüb işığa doğru.
Dedik, kim olmalı bu vaxtsız atlı?
O bəlkə quldurdu, bəlkə də oğru!
Hər halda ehtiyat gərəkdir - deyə,
Bəxtiyar tüfəngi doldurub qalxdi,
Zilləyib gözünü bir az da baxdı.
O, ilk gülləsini boşaltdı göyə,
Hər halda ehtiyat gərəkdir - deyə.
- Ay Allah bəndəsi, nə oldu sana!
Bir kim olduğuınu xəbər alsana! -
Dağıldi atlının bu qışqırığı,
O can qorxusunun can hıçqırığı...
Bizsə çaxnaşaraq, dedik: - Bir dayan!
Bəlkə bizimkidir o gələn insan...
Qoy bais olmayaq onun qanına.
Bəxtiyar tüfəngi saldı yanına.
Atlı çaparaq, yoldan saparaq,
Gün batan tərəfə çapdı atını,
Üfüqlər gizlətdi o qaraltını...
 
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ,  BEŞ CİLDDƏ  III. CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 Milli Kitabxana
 
Azərbaycan ədəbiyyatı kitabxanası (on-line yenilənir)
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar