MEŞƏBƏYİ
Kef üstündə kefimizi
Gəldi, sordu meşəbəyi.
- Buyur! – dedik, atdan enib,
Bardaş qurdu meşəbəyi
Qamçısını atdı sola,
Çantasını çəkdi dala.
Şirin-şirin, bala-bala
Bizlə vurdu meşəbəyi.
İsti kabab, təzə fətir
Doymaq olmur, yenə gətir.
Bığlarını arada bir
Eşib durdu meşəbəyi
Altımışı verib yelə
Düşməyibdir ruhdan hələ
Qarşıdakı bir gözələ
Göz də vurdu meşəbəyi.
Yatdı biri – keflənərək,
Birini də yıxdı külək.
Hüseynlə axıradək
Möhkəm durdu meşəbəyi