Yenә Aşiqin vәsfi-dilbәr barәsindә yazdığı kәlam:
Sәndәn ayrı işim mәnim, ay dilbәr,
Gecә-gündüz ahü fәğan olubdur.
Tәğafül rәhmindәn zülmü sitәmin
Bizim barәmizdә ehsan olubdur.
Lәhzә-lәhzә halın sorduğun könlüm,
Gündә min tәsәlli verdiyin könlüm,
Daim şadü xürrәm gördüyün könlüm
İndi dәrd әlindәn viran olubdur.
Haçan almamışdın ağlımı sәrdәn,
Oxurdum müshәfi-hüsnün әzbәrdәn,
O gündәn ki, saldın gözdәn, nәzәrdәn,
Mәnim halım çox-çox yaman olubdur.
Heç yada salmazsan mәn dilfikarı,
Sәni bimürüvvәt yaradıb tarı,
Dәhanın şövqündәn Aşiqi-zarı
Öldürәn bir daği-pünhan olubdur.