SARI ŞƏMİSTAN

02.03.2017

 
 
SARI ŞƏMİSTAN
 
Qaş qaralan zaman atlı bir ordu
Gəlib bir təpənin yanında durdu.
"Burada dincəlin!" - dedi komandan,
Özü də bir daşa söykənib haman,
Hərləyib durbini gözünə taxdı,
Dağların qoynuna diqqətlə baxdı.
Sonra xəritəni qoynundan alıb,
Rəngü cizgilərə heyrətlə dalıb
"Körpüyə çox qalır" - deyə komandan
Dolama yollara baxdığı zaman
Yorğun gözlərinə bir yuxu gəldi,
Azca mürgüləyib o da dincəldi...
Komandan yuxuda quş kimi sayıq,
Bir saat keçmədən yenə qalxaraq:
- Atlanın!
İrəli!
Əmrini verdi.
Ordu hazırlaşıb bir də yeridi.
Komandan qabaqda gedir çaparaq,
Az qalır ki, düşə başından papaq.
Onun baxışları qılıncdan kəskin,
Onun gözlərində oynayan bir kin
Yaxır varlığını alovlar kimi,
Qəlbində həsrəti, dərdi var kimi,
Yollar uzaq gəlir indi gözünə.
Bəzən də hirsiənib sorur özünə:
"Qanlı döyüşlərin" yoxmudur sonu?
Yüz qanun uydurur hər gəlib-gedən...
Anlayan varmıdır tarixdə bunu -
 
Bəşər bir-birinə zülm edir nədən?
Yüz qanun uydurur hər gəlib-gedən...
Bəlkə də insanın əslindədir bu –
Qaranlıq gecələr.., aydın gündüzlər...
Sərxoş qəhqəhələr... gülməyən gözlər...
Duyub düşündükcə illər uzunu
Qaldım iki suyun arasında mən,
Yüz qanun uydurur hər gəlib-gedən..."
Sonra gözlərinə göründü yenə:
Enib xəyalmın dərinliyinə
Əlləri qoynunda qüruba sarı,
Dumanlı dağlardan əsən ruzgarı
Öpüb salamlayan həsrətli bir göz;
Sanki komandana deyir Yasəmən:
"Yollara baxmaqdan üzülmüşəm mən,
Ellərin ağzında dolaşır bir söz.
Uğursuz bir xəbər kı, məni yaxır,
Başımın üstündə şimşəklər çaxır.
Soylə, doğrudanmı yaralısan sən?
Bu yaxın günlərdə bacara bilsən
Gizlənib, ordudan canını qurtar!
Sənin bilmədiyin bir xəbər də var:
Şəhər qarışmışdı, bir sabah erkən
Nə qədər yalvarıb-yaxardımsa mən
Sözümə baxmadı ixtiyar baban,
Divardan tüfəngi göturüb haman:
"Nökərdən şah olmaz!" – deyərək getdi,
Qarışıb tünlüyə gözümdən itdi...
O gün insanların qızğın səsindən
Analar saç yolub üz cırmaladı.
Aynalar töküldü güllə səsindən,
Düşdü ağızlara babanın adı,
Analar saç yolub, üz cırmaladı.
Sonra faciənin qurtardı sonu.
 
O gündən bir daha görmədim onu.
Dedilər ixtiyar son nəfəsində
Donuq bir xırıltı titrək səsində:
"Nə qədər aldanıb aldadılmışam,
Yağlı vədlərə mən satılmışam..."
Deyərək, canına qəsd eləmişdir,
Dilim tutmayır ki... o neyləmişdir?
İndi mən ömrümün ixtiyar çağı
Kimin qapısında dolanım sənsiz?
Özünü tez yetir gözümün sağı,
Qərib quşlar kimi yurdsuz, vətənsiz...
Kimin qapısında dolanım sənsiz?
Namərdlik eyləməz halal süd əmən,
Gözləyirəm səni.
Anan: Yasəmən".
Düşündükcə elə dərin,
O qarışıq fikirlərin,
Pəncəsində komandan,
Beyninə sıçradı qan.
Yetim bir uşaq kimi
O qısqanır özündən,
Dağlar bir ordu kimi
Gelib keçir gözündən...
Qayalıqlar, dərələr,
Ən qorxunc mənzərələr
Bulandırır könlünü.
Şaşırmışdır yolunu...
Çapırdır öz atını
Bir dağın arxasından,
Ordu da arxasından
Yelləyib qanadını
Uçur ulğuna sarı
Gecə olmuşdur yarı.
Ortalıq Zil qaranlıq
Göz-gözü görməyir, bax!
 
Birdən taraqqataraq
İki güllə partladı,
Göyün qəlbi çatladı.
Yuvarlanıb atından
Yerə dəydi komandan,
Gödəldikcə nəfəsi
İnildəyirdi səsi.
Sonra tutuldu dili,
Öz canının qatili...
At yanında duraraq,
Yalmanını buraraq,
Ona tərəf baxırdı,
Gözündən yaş axırdı.
Bu haldan ordu da heyrətə gəldi,
Ortadan birisi keçib yönəldi,
Baxdı ki, qalmamış kamandanda can.
Bulayıb başını Sarı Şəmistan: -
Gözləmək olmazdı sizdən bu halı,
Bu çətin günlərin var istiqbalı..
Ömür dedikləri dalğalı bir su,
Vardır əziyyəti, vardır qayğısı.
O bəzən insanı büküb əyildir,
Çarpışıb yaşamaq asan deyildir.
Hər kimin qüvvəsi varsa qolunda,
Həyatda tutduğu məslək yolunda
Bəzən gözlərinə qaranlıq çokür,
Ölür və öldürür, qızıl qan tökür.
Gözləmək olmazdı sizdən bu halı,
Bu çətin günlərin var istiqbalı!..
Hələ kəsilməmiş insan nərəsi,
Hələ qulaqlarda topların səsi,
Dayanıb üz-üzə bütün ölkələr,
İndi baş qaldırır müstəmləkələr;
Artıq, "böyüklərin" yıxılır tacı,
Yaşamaq onlara ağıdan acı...
Açıb gözlərini ətrafına bax,
 
Belə bir zamanda cəbhədən qaçmaq
Düşmənə qurtuluş, hörmət deməkdir,
Varlığı heçlikdə boğub yeməkdir,
Gözləmək olmazdı sizdən bn halı,
Bu çətin günlərin var istiqbalı!.
Sonra üz çevirir orduya tərəf
"Komandam altında!
Düzəlin səf-səf!"-
Deyərək qabağa düşdü Şəmistan,
Ordu da arxadan sallanıb haman
Hərlənib, dolanıb, çıxdılar düzə,
Təslim olmadaydı gecə gündüzə..,
 
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ,  BEŞ CİLDDƏ  III. CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 Milli Kitabxana

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar