SIRLAR HAZİNESİ MƏLİK FƏXRƏDDİN BƏHRAM ŞAH İBN DAVUDA ÖYGÜ

01.03.2017
 
SIRLAR HAZİNESİ MƏLİK FƏXRƏDDİN
BƏHRAM ŞAH İBN DAVUDA ÖYGÜ
 
 
İSLAM PADŞAHI MƏLİK FƏXRƏDDİN
BƏHRAM ŞAH İBN DAVUDA ÖYGÜ
 
Bu mavi dairə ki, kainatı çevrələr,
Burda bir nöqtə kimi düyünləndim bir səhər.
Yox əlimdən tutanım, ayağımı açanım,
Kölgənəm, üstümdə bəs hüma qanadın hanı?
Ayağım bu torpağa batıb dərindən dərin, 330
Qollarımsa bağlanıb kəməndilə göylərin.
Mərdin ayaq tozuna başımı qurban dedim,
Bəzən ayağımla yox, dizlərimlə yeridim.
O qədər nurlandım ki, şöləm düşdü hər yana,
Dizim üstü çevrildi qəlbimin aynasına.
O qədər zövq aldım ki, o mənəvi güzgüdən,
Gözümün güzgüsünü yönəltdim hər yana mən.
Ta görüm hansı güzgü işıq salır gözümə,
Görüm hansı ocaqdan şölə düşür üzümə.
Zəka nəzəri daldı cahan dairəsinə, 335
 Baxdım bu mavi qövsə, baxdım yan-yörəsinə.
Dada yetdi hümmətim, sezdim, anladım bunu:
Nemət, səxavət əhli hökmdar olduğunu.
Ey uca taleli şah, tacımızsan, ulusan!
Bu firuzə bağcanın sən qızılgül kolusan.
Sən - ümid qaynağı Xızr, sən - İskəndər güclü şah!
"Məcəsti"ni şərh edən bilginlərə qibləgah!
Xilqətin mehvəridir sultanımın qüdrəti,
Onun vəsfində enmiş göydən Məqsud ayəti.
Tək odur fələk taclı, Süleyman üzüklü şah, 340
 Üfüqlərin güvənci - Məlik Fəxrəddin ancaq.
Davudluq iddiası eyləyərsə, haqqı var,
Onda müğənni səsi, Süleyman sorağı var.
Hümmətilə yüksəldi İshaq bayrağı aşkar,
Ona zidd çıxdı yalnız İsmaili zındıqlar.
Altı qütbə addımlar, yeddi qatda təxti var,
Doqquz göyə hökmdar, Bəhram - ulu tacidar!
O öz bəhramlığını açıb göstərsə bir an,
Bəhram Gurun nəsibi yalnız gor olar, inan.
Əzmilə, cürətilə şahların sərvəridir, 345
Bilik xəzinəsilə alimlər rəhbəridir.
Xəlqə cahan mülkünü bəxş eləyən bahadır,
Həm Ərmən hökmdarı, həm Rum padşahıdır.
 
Farsçadan türcüme edeni Xəlil Rza Ulutürk, NİZAMİ GƏNCƏVİ SİRLƏR XƏZİNƏSİ 'LİDER"NƏŞRİYYAT" BAKI-2004 -  Bu əsər "Nizami. Lirika. Sirlər xəzinəsi. Şərəfnamə " (Bakı, Yazıçı, 1988) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
 
https://www.anl.az/el/n/ng_x&sh.pdf
 
https://www.azadliq.org/a/24911320.html

0

1

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar