KategorilerŞİİRİSTANEli Ağa Vahid ŞiirleriXilqətdə sənin tək, gözəlim, can ola bilməz,

Xilqətdə sənin tək, gözəlim, can ola bilməz,

16.10.2016
Xilqətdə sənin tək, gözəlim, can ola bilməz,
Əxlaqı gözəl, sevgili canan ola bilməz.

Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda,
Bir gül, hələ də sən kimi xəndan ola bilməz.

Minlərcə gözəllər yetirir gündə təbiət,
Amma, sənə bənzər gözəl insan ola bilməz.

Yüzlərcə əgər hüsnünə adəm ola heyran,
Bir kimsə mənim tək sənə heyran ola bilməz.

Sən tərbiyədə, hüsndə bir başqa gözəlsən,
Rəftarına, əxlaqına nöqsan ola bilməz.

Hürriyyətə, insanlığa layiq səni gördüm,
Hər kəs səni sevmişsə peşiman ola bilməz.

Öz aşiqinin naz ilə qan eyləmə könlün,
Hürriyyet olan yerdə könül qan ola bilməz.

Hər xoş görünən kimsəyə aldanma, heyifsən,
Hər xoş görünən kimsədə vicdan ola bilməz.

Bu hüsnlə çoxlar səni istər sevə, ey gül,
Vahid kimi eşqində qəzəlxan ola bilməz.
Yorum yapmak için lütfenKayıt Olunya da